Prezidentin Xocalı kəndlərinə səfəri mesajdır - Ekspert 

Rusiya və separatçılar torpağın gerçək sahibinin kim olduğunu bir daha gördü
 
 "Azərbaycan Prezidenti İlham Əliyevin Xocalının Çanaqçı və Sığnaq kəndlərinə səfəri işğaldan azad edilmiş bölgələrə ziyarətindən fərqli idi". Bu barədə siyasi şərhçi Asif Nərimanlı deyib. Analitik vurğulayıb ki, bu qısa görünən səfərin səbəblərini Qarabağda baş verən son proseslər fonunda axtarmaq olar: "Rusiya sülhməramlı kontingentinin əsas qərargahı Xocalı rayonundadır. Erməni əhalisinin reinteqrasiyasına qarşı ciddi “müqavimət” göstərən separatçılar Xocalıda sülhməramlıların qərargahı önündə aksiya keçirdilər. Bir qrup erməninin iştirakı ilə Bakının əhalinin təminatını həyata keçirmək təklifini bloklamaq məqsədilə Ağdam yolunda barikadalar qurulub. Separatçıların çıxardığı oyunların arxasında Rusiyanın dayandığı, sülhməramlıların bu prosesdə kurator rolunu oynadığı şübhəsizdir. Moskvanın sərgilədiyi mövqe də bunu deməyə əsas verir. Bu kontekstdə ölkə başçısı İlham Əliyevin sülhməramlıların qərargahının olduğu Xocalıya səfərinin Rusiyaya və separatçılara torpağın gerçək sahibinin kim olduğunu nümayiş etdirmək baxımından mesaj xarakteri daşıydığını deyə bilərik".