Rəsmi Bakının Zəngəzur iddialarının önünü kəsməyə çalışırlar - Ekspert

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, Ermənistanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının missiyasının yerləşdirilməsi sərhəddəki vəziyyətin sabitləşməsinə töhfə verə bilər. O, Qarabağın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının məsuliyyət zonasına daxil olmadığını xatırladıb: "Top Ermənistanın tərəfindədir".

Rusiyadan gələn açıqlamanı "Sherg.az"a dəyərləndirən AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli deyib ki, Rusiya ümumiyyətlə başqa ölkələrin, kənar güclərin Azərbaycan-Ermənistan arasındakı danışıqlar prosesinə müdaxiləsini çox qısqanclıqla qarşılayır.

Analitik vurğulayıb ki, Moskva ABŞ və Avropa İttifaqının Cənubi Qafqaza nüfuz etməsindən çox narahat olur və açıq narazılığını ifadə edir: 

"Rusiya Avropa İttifaqının Ermənistandakı "missiyası" ilə bağlı da etirazını dəfələrlə bildirib. Qərbin məlum missiyasının uğursuz fəaliyyətini qabardan, heç bir iş görmədiyini bildirən Rusiya rəsmisi alternativ olaraq Kremlin öz missiyasını gündəmə gətirir. Lakin Azərbaycan-Ermənistan arasındakı danışıqlar prosesi, sülh müzakirələri hansısa kənar ölkələrin silahlı, yaxud silahsız qruplaşmaları, missiyaları tərəfindən irəli getməyəcək. Sülh müqaviləsinin imzalanması Azərbaycanın ərazi bütövlüyünün tanınmasından, Qarabağdakı bütün yaraqlıların, terrorçuların çıxarılmasından və sərhədlərin müəyyənləşməsindən asılıdır. Rusiya KTMT adlı qurumu vasitəsi ilə sərhədə qoşun yerləşdirərək sülh prosesinə mane olmağa çalışır. Bununla rəsmi Bakının Zəngəzur iddialarının da önünü kəsməyə səy göstərirlər. Bu cür təxribatçı cəhdlərin qarşısını almaq üçün ilin sonunadək Qarabağdakı silahlı dəstələri zərərsizləşdirməli və bölgəni nəzarətə götürməliyik. Rus sülhməramlı dəstələrinin 2025-ci ilədək burada qalacağını gözləmirəm".