Qərar verərkən iki dəfə düşünmək lazımdır - Natiq Miri

İranın İRNA Agentliyi Bakıda ofisinin fəaliyyətini bərpa edəcək

“Bir daha qeyd edirəm, İranın bütün informasiya agentlikləri birbaşa casus şəbəkəsidir və SEPAH-a bağlıdır”

İranın İRNA Xəbər Agentliyinin Bakıda ofisinin fəaliyyəti bərpa ediləcək. Bu barədə İRNA-nın baş direktoru Əli Nadiri bildirib. Onun sözlərinə görə, agentlik Azərbaycan dilində sayt yaratmağı və Bakıda ofis açmağı planlaşdırır. Ə.Nadiri Azərbaycana 4 günlük səfəri çərçivəsində AZƏRTAC xəbər agentliyinin ofisində olub, agentliyin rəhbərliyi ilə görüşüb: “Ən mühüm qonşularımızdan biri isə Azərbaycan Respublikasıdır və Azərbaycanla münasibətlərin inkişaf etdirilməsi İranda hazırkı hökumət formalaşandan bəri ciddi şəkildə davam etdirilir”. Nadiri əlavə edib ki, yaxın günlərdə Bakıdakı büroya müxbir ezam olunacaq. Görüşdə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvinin də iştirak etməsi xüsusilə diqqət çəkib. Bəzi ekspertlərə görə, səfirin görüşdə iştirak etməsi ondan xəbər verir ki, İRNA-nın Azərbaycan bölməsinin fəaliyyətə başlaması öncədən rəsmilər səviyyəsində razılaşdırılıb. Əli Nadirinin Azərbaycan səfərinin əsas məqsədi də məhz bu məsələ ilə bağlıdır.
  
Politoloq Natiq Miri "Sherg.az"a açıqlamasında bildirib ki, hər iki dövlət münasibətləri yenidən normallaşdırmaq istəyini ortaya qoyub. Ekspertin sözlərinə görə, ancaq bunun üçün ilk növbədə İranın addım atmasına ehtiyac var: 

"Tehranda Azərbaycan səfirliyinə qarşı törədilmiş terror hadisəsi konkret hüquqi nəticəyə bağlanmayıb. Özlərinin "şizofren" adlandırdıqları bir şəxsin məhkəmədə mühakimə olunması Azərbaycana heç nə vermir. Çünki həmin terrorçunu yönləndirən, arxasında duran dövlət strukturları və dairələr var. Məhz bu məsələ həllini tapmadan iki ölkənin münasibətlərinin normallaşma səviyyəsinə keçməsi mümkün deyil. Digər yandan İRNA-nın fəaliyyətinə diqqət yetirmək lazımdır. İRNA hər zaman anti-Azərbaycan fəaliyyəti ilə seçilmiş media qurumudur. Sadəcə media qurumu deyil, həm də ciddi casus şəbəkəsidir. Belə bir şəbəkəni yenidən Azərbaycanın informasiya məkanına buraxmaq təhlükəsizliyimiz baxımından risklidir. Bu, sıradan məsələ deyil və qərar verməzdən öncə Tehranın niyyətini görməliyik. Amma hələlik belə bir niyyəti görmürük. İranın anti-Azərbaycan ritorikası, rəsmi Bakıya qarşı açıqlamaları, Ermənistanın maraqlarının güdülməsi hələ davam etməkdədir. Bir tərəfdən Azərbaycanla normal münasibət qurmaq istədiklərini deyirlər, digər yandan siyasi çevrələrdə Azərbaycanı təhdid edən açıqlamalar yayılır. Bu da bilavasitə İRNA kimi agentliklər əliylə həyata keçirilir. Qərar verərkən iki dəfə düşünmək lazımdır. Bir daha qeyd edirəm, İranın bütün informasiya agentlikləri birbaşa casus şəbəkəsidir və SEPAH-a bağlıdır. Ölkədə İranın casus şəbəkəsinin işfa edilməsi prosesi gedərkən, bir yandan da yenidən casus şəbəkəsi yaradırıq?!".