Araikin “bir həftəlik” şantajının vaxtı bitdi - Ekspert

Bundan sonrakı prosesin inkişafı erməni əhalisinin seçimindən və nə qədər dözə biləcəyindən asılı olacaq

  Azərbaycanın Qarabağ bölgəsinin rus sülhməramlıların müvəqqəti nəzarətində olan Xankəndi şəhərində fəaliyyət göstərməyə çalışan separatçı tör-töküntüsünün başçısı Araik Arutyunyanın “daha sərt mübarizəyə keçidinin” mahiyyəti bəlli olub. Arutyunyanın 17 iyulda elan etdiyi bir həftəlik “oturaq aksiyası” ötən gün başa çatıb və o, “elan etdiyi sərt mübarizə üsullarına” keçib. “Sərt mübarizə” isə bu gün saat 20:00-da Xankəndinin İntibah və İrəvanın Azadlıq meydanında “eyni vaxtda” etiraz aksiyaları keçirməkdir. Xankəndidəki mitinqə separatçı-terrorçu dəstənin “dövlət naziri” Qurgen Nersisyan rəhbərlik edəcək. 

Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Araikin “bir həftəlik” şantajının vaxtı bitdi və separatçıların başçısı növbəti müraciətini yaydı: "Araik  “öz müqəddəratını təyin etmə hüququndan” imtina etməyəcəklərini bildirib. O cümlədən, rəsmi Bakının Ağdam yolu vasitəsilə təminatın həyata keçirilməsi təklifindən imtina edib. Beləliklə, separatçılar öz mövcudluqlarını qorumaq naminə erməni əhalisini girov olaraq saxlamağa davam edəcəklər. Azərbaycan Prezidenti İlham Əliyev Qarabağın erməni sakinlərinə onları girov götürən xuntadan qurtulmaq çağırışı edib. Dövlət başçısı “gəlin bu reallıqları qəbul edin, bu reallıqların dəyişməsi baş verərsə, bu, yalnız və yalnız nə Ermənistan, nə də Qarabağın erməni azlığı üçün yaxşı olmayacaq” sözləri ilə Bakının mövqeyində son nöqtəni qoyub. Separatçıların vəziyyəti dəyişmək ümidi ilə təxribata əl atacaqları heç vaxt istisna deyil. Lakin bundan sonrakı prosesin inkişafı erməni əhalisinin seçimindən və nə qədər dözə biləcəyindən də asılı olacaq".