FETÖ-nün əsas qurbanları!  - Şərh

Azərbaycan dövləti məkrli və amansız qruplaşmaları vaxtında ifşa edərək zərərsizləşdirməyə müvəffəq olub


Xeyli müddətdən sonra FETÖ ilə bağlı yeni həbslər cəmiyyətdə rezonans doğurdu. Məlum oldu ki, şəbəkə tam iflas olmayıb və ona bağlı şəxslər hələ də açıq-gizli fəaliyyət göstərməkdədir. Xatırladaq ki, FETÖ 2016-cı ilin iyulun 15-də Türkiyədə hərbi çevrilişə cəhd edib. Türkiyə böyük fəlakətin astanasından dönüb. Cəhdin qarşısının alınması ilə FETÖ-yə qarşı daxildə və xaricdə genişmiqyaslı əməliyyatlara başlanılıb. Əməliyyatlar Azərbaycanda da aparılıb. Ölkəmizdə FETÖ əsasən təhsil sistemində və media sahəsində qabarıq şəkildə özünü göstərirdi. Ancaq biznes, idarəçilik, media və QHT sektorunda da təşkilatın adamları yerləşdirilmişdi. 

FETÖ transmilli terror təşkilatıdır və daha çox insanların dini inanclarını manipulyasiya edərək ölkə daxilndə paralel strukturlar formalaşdırır. Dövlətin və cəmiyyətin əsas institutlarında strateji məqamları ələ keçirərək milli kadr resurslarını və milli gücü dövlətin dağıdılmasına yönləndirir. Üstəlik, ölkə daxilində maliyyə resurslarının idarə olunmasına da nəzarət etməyə çalışır. 
  
Siyasi şərhçi Azər Niftiyev "Sherg.az"a deyib ki, dünyada qeyri-formal, lakin çox sərt nəzarət olunan şəbəkələr formalaşır ki, onlardan da birincisi FETÖ-dür: "Ötən əsrin 60-cı ilində İzmirdə fəaliyyətə başlayan, sonradan isə bütün Türkiyəyə, ardınca da dünyanın müxtəlif ölkələrinə, eləcə də ABŞ-yə, Avropaya, Orta Asiya və Azərbaycana sirayət edən şəbəkənin əsas planı dövlətin bütün sistemlərində nəzarəti həyata keçirmək, teokratik quruluşu reallaşdırmaq olub. İntizamlı, təşkilatlanmış şəkildə fəaliyyət göstərən şəbəkənin əsas qurbanları təhsil ocaqları və dövlət qurumlarıdır. "Gülənçi şəbəkə" Türkiyədə yüzlərlə, dünyada isə minlərlə təhsil mərkəzi yaradıb. Zəruri məqsəd yeniyetmə dövrlərindən adamları tərəfinə çəkmək və beyinlərini işğal etməkdir. Lakin Azərbaycan dövləti məkrli və amansız qruplaşmaları vaxtında ifşa edərək zərərsizləşdirməyə müvəffəq olub. Ölkəyə yönəlik çeşidli və çoxvektorlu təzyiqlər olsa da, heç biri öz çirkin məqsədinə çatmayıb. Bu məsələdə istisna olmayıb və olmayacaq da. Allah Azərbaycanımızı qorusun!".