İranda dini mərasimlərdə Azərbaycan hədəfə alınır  - İlahiyyatçı

Bizim ölkədə olan din azadlığı, etiqad azadlığının bir faizi İranda yoxdur

  İranda keçirilən məhərrəmlik və əzadarlıq mərasimlərindən Azərbaycana qarşı istifadə edilir. Mərasimlərdə Azərbaycanın "anti-islam ölkə" olduğu təbliğ olunur. Əzadarlıq tədbirlərindəki banner və plakatlarda “Azərbaycanda həbsdə olan 2 min mücahid şiənin xatirəsinə”, “Azərbaycan sionizmin işğalından azad olunsun” və başqa bu məzmunlu ifadələr əks olunub. Qeyd edək ki, hər il İranda keçirilən belə mərasimlərdə dövlətimizə qarşı ittihamlar səslənir. Lakin iki ölkə arasında münasibətlərin gərgin olma səbəbindən budəfəki mərasimlərdə Azərbaycan daha çox hədəf alınıb. Tehran rejimi də buna hər cür şəraiti yaradıb.
  İlahiyyatçı Tural İrfan "Sherg.az"a açıqlamasında bildirib ki, İran islam dinini təhrif edərək zahirdə siyasi şiəliyi ideoloji xətt kimi başqa ölkələrə qarşı istifadə edir. Ekspertin sözlərinə görə, İran rejiminin ümumiyyətlə hədəfi özlərinin ideologiyasını müsəlman ölkələrinə yeritməkdir

"Azərbaycanda uzun illər iş aparmış, agentlər yetişdirmişdilər. Müsəlmanların həssas nöqtəsi olan Qüds, Fələstin məsələsini sui-istifadə edərək görüntü yaratmaq istəyirlər ki, guya İran İslam "təəssübünü" çəkir. Halbuki bütün dünyaya məlumdur ki, İran rejimi dünyada islam dininə, müsəlmanlara zərbə vurur. Müsəlman dövlətlərə düşmən olan dövlətlərlə, terror təşkilatları ilə əlaqələr qurub islam əleyhinə dağıdıcı işlər görür. Azərbaycanda inancına görə bir adam da həbs olunmayıb. Bu gün ölkədə minlərlə adam toplaşıb Məhərrəmlik mərasimlərində iştirak edir, namaz qılır, ayin icra edir. Onlardan heç kəsə təziq və maneçilik edilmir. Əksinə, hüquq-mühafizə orqanları, təhlükəsizlik orqanları günlərlə səfərbər olub bu insanların təhlükəsizliyinin keşiyində durur ki, sərbəst və sivil şəkildə öz inanclarına uyğun ayinlərini keçirsinlər. Həbs olunanlar dindar cildinə girmiş maskalı agentlər, terror planı quranlar və dövlət əleyhinə iş görən xainlərdir. Od olmasa, tüstü çıxmaz. İnanca görə tutulsaydılar, onlardan da qatı inanca sahib olan şiələr, inanclı inananlar var, onlar niyə tutulmur? Özü də minlərlə. İran bütün dini ayinləri, ibadətləri və şəxsiyyətləri siyasiləşdirib öz çirkin dövlət siyasətinə alət edib. Çünki İran rejimi üçün islam bir alətdir. Onlar üçün öz milli dinləri, tarixi Sasani ideyaları, imperiya siyasəti əsasdır. Aşura məclislərində siyasi şüarlar səsləndirmək, yazmaq İslam dininə qarşı təxribat olmaqla yanaşı, dövlət qanunlarımıza görə də yolverilməzdir. Əsla buna yol vermək olmaz. İran fitnə salır, nifaq yaradır, təxribata çəkir. Çalışır ki, vaxtilə ölkəmizdə toxumunu səpdiyi məzhəbçilik, xurafat və siyasi şiəlik vasitəsilə ölkəmizdə qarışıqlıq yaratsın, belə şüarlarla bəzi əlaltılarını meydana atsınlar. Onların barəsində də tədbir görülən kimi şər, böhtanla şivən salsınlar ki, guya, Azərbaycanda inanclıları, şiələri həbs edirlər".
  İlahiyyatçı vurğulayıb ki, İran Azərbaycanda Əhli Beyti, İslamı, şiələri təhqir edir, onları hədəfə gətirir, mənəvi terror edir: "Öz murdar və terrorçu siyasətinə alət edir sadəlövh insanları. İslam düşmənləri ilə gizlin əlaqələr qurub islamın bünövrəsini zədələmək istəyirlər ki, insanları bu dindən iyrəndirib əvəzinə atəşpərəstlik və bütpərəstliyi bərpa etsinlər. İran ümumiyyətlə, Məhərrəm ayında əsla İmam Hüseyni yad etmək üçün istifadə etmir. Qətiyyən İran rejimində İmam Hüseynə məhəbbət yoxdur. Əksinə, onlar İmam Hüseynə nifrət edirlər. Ona görə bu cür iyrənc formada, xurafatlarla, dində olmayan əməllərlə Aşura mərasimlərində Əhli Beyti hörmətdən salırlar. Azərbaycanda çox müsəlman ölkələrində olmayan din, vicdan azadlığı var. Baxmayaraq ki, dünyəvi dövlətik, lakin ölkəmizdə bütün dinlərin, məzhəblərin nümayəndələri azad və sərbəst şəkildə ibadətlərini edir, inanclarına görə təqib olunmurlar. Sadəcə, İran din adı altında bəzi şəxsləri öz anti-türk, anti-Azərbaycan, anti-islam siyasətinə alət edib. Cinayət törətmiş, dövlətə xəyanət etmiş şəxslərin zərərsizləşdirilməsi inanca görə təqib sayıla bilməz. İran öz ölkəsində günahsız və qanunsuz edam edilən minlərlə müsəlmandan, təqib və həbs olunan milli fəallardan niyə danışmır? İranda bircə sünni məscidi də rəsmi icazə ilə fəaliyyət göstərmir. Başqa dinin nümayəndələri edam edilir. Sünnilər vəhabi adı ilə genosid edilir. İran öncə bunlara münasibət bildirməlidir.
Azərbaycanda olan din azadlığı, etiqad azadlığının bir faizi İranda yoxdur".