Odla oynayırlar: Zaxarovanın təxribatçı açıqıaması - ŞƏRH

Allah eləməmiş, sərnişin təyyarəmizin başına bir iş gəlsə, bunun hesabı verilməli olacaq

Rusiya sülhməramlı kontingenti tərəfindən heç bir tədbir görülməyəcək. Çünki təxribatların arxasında Rusiya hərbi kontingentinin özü dayanıb

  Yerli və xarici aviaşirkətlərin sərnişin təyyarələrinin GPS peyk naviqasiya sistemlərinə qarşı Qarabağdakı qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən radiomaneələrin tətbiqi son günlərdə intensivləşib. Müdafiə Nazirliyi məlumat yayıb ki, iyulun 24-ü Bakı-Füzuli marşrutu üzrə uçuş yerinə yetirən Azərbaycan Hava Yollarının təyyarələrinə radiomaneələrin tətbiqi nəticəsində GPS peyk naviqasiya sistemlərində fasilə yaranıb. Bu faktlar və əvvəllər baş vermiş eyni hadisələr barədə Rusiya sülhməramlı kontingentinin komandanlığı tərəfimizdən məlumatlandırılıb. Hava məkanımızdan keçən uçuşların təhlükəsizliyinə ciddi təhdid yaradan bu təxribatlara qarşı Rusiya sülhməramlı kontingenti tərəfindən bugünədək heç bir tədbir görülməyib.
  "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Rusiya sülhməramlı kontingenti tərəfindən heç bir tədbir görülməyəcək. Çünki təxribatların arxasında ya Rusiya hərbi kontingentinin özü dayanıb, ya da separatçıları qabağa veriblər: "Odla oynayırlar. Allah eləməmiş, sərnişin təyyarəmizin başına bir iş gəlsə, bunun hesabı verilməli olacaq. Beynəlxalq aləmin diqqətini bu kimi təxribatlara yönəltmək lazımdır. “Laçın dəhlizini açın” deyənlərə Azərbaycana və qanunlarımıza qarşı hörmətsizliyin miqyasını anlatmaq lazımdır. Türkiyə İkinci Qarabağ müharibəsi zamanı dünyadakı ermənipərəst qüvvələrin Azərbaycana qarşı təzyiqlərinin neytrallaşdırılmasında mühüm yol oynadı. Həmin qüvvələr Azərbaycana qarşı kod adı “Laçın dəhlizi” olan növbəti əməliyyata başlayıblar, müharibə dövründə olduğu kimi bunlarla mübarizədə Türkiyə ilə koordinasiyalı fəaliyyətə ehtiyac var. Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu bu məsələlərdə həssas idi. Bu arada, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın “Türkiyənin Cənubi Qafqazda fəallığının əleyhinəyik” təxribatçı açıqlaması da cavabsız qalıb".