“Yardım şousu”nun müəllifi Qərb də ola bilər - ŞƏRH

“Bakı isə yüklərin daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsi mövqeyində israrlıdır”

  "Ermənistanda Azərbaycan sərhədində nümayiş olunan “yardım şousu” ilə bağlı suallar müzakirə olunur. Yardımı niyə əvvəl yox, indi göndərirlər? Ermənistan hakimiyyəti yüklərin keçidinə dair sülhməramlılardan dəqiq zəmanət almadan bu addımı niyə və hansı məqsədlə atıb?". Bu barədə siyasi şərhçi  Asif Nərimanlı "Sherg.az"a deyib. Ekspert bildirib ki, bu suallar ətrafından birdən çox versiyalar mövcuddur: "Birinci versiya odur ki, Ermənistan diplomatik cəbhədə məğlub olduğunu anladıqdan sonra son variant kimi bu addımı atır. İkinci versiyaya görə, Qarabağda yaranmış vəziyyət Ermənistan hakimiyyətinə qarşı narazılığı artırdığı üçün Paşinyan əlindən gələni nümayiş etdirir. Daha sonra “hər şeyi etdim, amma qərar verən Azərbaycandır. Ona görə də təkliflərini qəbul etməliyik” deyəcək. Üçüncü versiya isə “yardım” əməliyyatının təşkilatçısının Qərb olması ilə bağlıdır. Bununla Rusiya sülhməramlılarının bölgədə problemləri həll edə bilmədiyini göstərmək, onları beynəlxalq vasitəçilərlə əvəzləmək ssenarisini aktuallaşdırmaq istəyirlər. Laçın postunun açılması çağırışlarının daha çox Qərbdən gəlməsi də bu kontekstdə diqqətçəkən məqamlardandır".
  Analitikin fikrincə, digər bir varianta əsasən, “yardım şousu”nun təşkilatçısı Rusiyadır: "Moskva görüşündə nəzəri olaraq Bakının gündəliyini qəbul edən ruslar praktik müstəvidə bunun mümkünsüzlüyünü nümayiş etdirmək, beynəlxalq təzyiqlə Laçın postunun açılmasına, beləliklə reinteqrasiyanın önünün kəsilməsinə nail olmaq üçün İrəvanla birgə oyun qurur. Hər bir versiya ayrı-ayrılıqda mümkün görünür, lakin nəticəyə təsiri yoxdur. Bakı yüklərin daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsi mövqeyində israrlıdır".