Ermənistan müstəqil siyasət aparmaq iqtidarında deyil

Paşinyan müxtəlif qütblər arasında vurnuxa-vurnuxa ona verilmiş kart-blanşdan istifadə edə bilmədi

  "Nikol Paşinyanın "Frans Press" Agentliyinə müsahibəsində səsləndirdiyi fikirləri təsadüfi hesab etmək olmaz". Bu sözləri "Sherg.az"a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev deyib. Deputat bildirib ki, bu yaxınlarda Fransa Prezidenti Emmanuel Makron erməni diasporunun nümayəndələri ilə görüşündə, özünün Paşinyandan daha çox Qarabağ ermənilərinin problemləri ilə məşğul olduğunu bildirmişdi: "Nikol Paşinyan “Bakı ilə Xankəndi arasında dialoq olmalıdır” deməklə, erməni diasporuna və Qarabağ ermənilərinə sübut etməyə çalışır ki, onların problemlərini bütün səviyyələrdə qaldırır. Ona görə də separatçı Araik Arutyunyanın məktubunu şəxsən Rusiya dövlət başçısı Vladimir Putinə, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelə çatdırıb. Yəni müəyyən mənada özünü sığortalamağa çalışır. Paşinyanın necə bir sülh istəməsi kifayət qədər mürəkkəb məsələdir. Baş nazir çox şey istəyə bilər. Ancaq reallıq odur ki, onun istəyi ilə imkanları tərs-mütənasibdir. Nə Ermənistan güclü dövlətdir, nə də Paşinyanda o siyasi iradə var ki, arzularını həyata keçirsin".

  Parlament üzvünün sözlərinə görə, əsas problem odur ki, Ermənistan müstəqil siyasət aparmaq iqtidarında deyil: "Ermənistan siyasi, iqtisadi, təhlükəsizlik baxımından bir çox xarici faktorlardan və daxildəki millətçi qüvvələrdən asılıdır. O səbəbdən sülhə yönəlik istənilən təşəbbüs süngü ilə qarşılanır. Əfsuslar olsun ki, Paşinyan müxtəlif qütblər arasında vurnuxa-vurnuxa ona verilmiş kart-blanşdan istifadə edə bilmədi".
  Qeyd edək ki, bir müddət əvvəl Ermənistan Baş naziri Nikol Paşinyan "Frans Press" agentliyinə müsahibəsində İrəvanın sülhdə maraqlı olduğunu, özünün də sülhün imzalanması üçün ciddi çalışdığını iddia edib. Lakin baş nazir bununla yanaşı, Qarabağ ermənilərinin "təhlükəsizliyindən və hüquqlarından" bəhs edərək, bunun "qırmızı xətt" olduğunu söyləyib və Bakını ittiham edib. Həmçinin növbəti dəfə Qarabağ ermənilərinin "blokadada" olduğunu bildirib.