KİV: Ukrayna üzrə məsləhətləşmələrin üçüncü raundu Türkiyədə keçirilə bilər

Ukrayna üzrə məsləhətləşmələrin üçüncü raundu Türkiyədə keçirilə bilər.

APA xəbər verir ki, bu barədə “Hürriyet” nəşri yazıb.

Nəşrin sözlərinə görə, növbəti iclas oktyabr ayına təyin edilib.

Qeyd olunub ki, Türkiyə Səudiyyə Ərəbistanında keçirilmiş Ciddə görüşündən sonra Ukrayna üzrə məsləhətləşmələrin üçüncü mərhələsinə ev sahibliyi edə bilər.

“Türkiyə Ukrayna münaqişəsinin bütün tərəfləri ilə açıq-aydın danışa bilən ölkə olduğu üçün Ankara münaqişənin nizamlanması təşəbbüslərinə hərtərəfli dəstək verir”, - məlumatda deyilir.

Xatırladaq ki, 5-6 avqust tarixlərində Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə dair məsləhətləşmələr keçirilib.

Tədbirdə Argentina, Braziliya, Böyük Britaniya, Almaniya, Misir, Hindistan, Qətər, Çin, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Türkiyə, Ukrayna, Fransa, Çili, digər ölkələr, BMT də daxil olmaqla 40-dan çox ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak ediblər.