İrəvan sülh masasına dönməyə məhkumdur

Azərbaycan israrla bu xətti davam etdirməlidir, prinsipial mövqeyindən çəkinməməlidir

“Əvvəl-axır danışıqlar masasında sülh prosesinə başlamaq üçün Ermənistan özü Azərbaycana təkliflərini verəcək”
  
Ermənistan silahlı qüvvələrinin həm şərti sərhədlərimizdə, həm də Qarabağda təxribatları, atəşkəsi pozma halları intensiv hal alıb. Bununla yanaşı, Ermənistan tərəfi şərti sərhədlərə silah-sursat, hərbi texnika cəmləyir. Hindistan Ermənistanı İran vasitəsilə silahlandırır. Demək olar ki, hər cür təxribata, diversiyaya əl atırlar. O baxımdan yeni lokal hərbi əməliyyatların qaçılmaz olduğu, erməni tərəfinin də hərbi qarşıdurmaya hazırlıq gördüyü iddia olunur. Bəzi şərhçilərin fikrincə, kənar güclərin təhriki ilə hərəkət edən, açıq-aşkar düşmənçilik və aqressiya nümayiş etdirən Ermənistanı yenidən danışıqlar masasına, sülh prosesinə qaytarmaq çətin olacaq.
  
Millət vəkili Fazil Mustafa "Sherg.az"a açıqlamasında deyib ki, İrəvanı sülh danışıqlarına qaytarmaq mümkün olacaq. Deputatın sözlərinə görə, gedişat onu göstərir ki, Ermənistan təxribatçı siyasəti də istehsal edə bilmir: 

"Ermənistan çox çətin vəziyyətdədir. Kiminsə bütün beynəlxalq hüquq normalarını pozaraq Ermənistana dəstək verməsi çətinlik yaradan amildir. BMT-də son müzakirələr də bunu göstərdi. Kimsə buna rəğmən, Ermənistanın ərköyünlüyünü müdafiə edərsə, sabah özünə problem yaradacaq. O baxımdan İrəvanın yenidən sülh masasına dönməsi labüddür və bundan başqa yolu olmayacaq. Azərbaycan israrla bu xətti davam etdirməlidir. Özünün prinsipial mövqeyindən çəkinməməlidir. Yaxın zamanlarda Ermənistanın apardığı siyasətin nə dərəcədə effektsiz olduğu görünəcək. Bütün çərçivələri aşaraq qanunsuz şəkildə özünə hansısa hüquq əldə etmək, öz maraqlarını təmin etmək mümkün deyil. O baxımdan Ermənistanın bu istiqamətdə hansısa uğur qazanacağını gözləmək qeyri-mümkündür. Əvvəl-axır danışıqlar masasında sülh prosesinə başlamaq üçün Ermənistan özü Azərbaycana təkliflərini verəcək".