Ukrayna savaşı Belarusa sıçraya bilər

ABŞ vətəndaşlarını bu ölkəni tərk etməyə çağırıb

“Belarusdakı proseslər Qərbin diqqət mərkəzindədir və ABŞ-nin vətəndaşlarına bu yazılı çağırışı toqquşmaların başvermə ehtimalını yüksəldir”
  ABŞ-nin Minskdəki səfirliyi öz vətəndaşlarına “Belarusu tərk edin” çağırışı edib.
  "Şərq" xarici KIV-ə istinadən xəbər verir ki, Minsk səfirliyindən verilən yazılı açıqlamada Litvanın Belarusla bəzi sərhəd-keçid məntəqələrini bağlamaq qərarına gəldiyi xatırladılıb.
  Belarusla qonşu olan digər Avropa ölkələrinin də oxşar qərarlar ala biləcəyinə diqqət çəkən açıqlamada, “Polşa, Litva və Latviya hökumətləri Belarusla daha çox sərhəd keçidinin bağlanmasının mümkün olduğunu bildirdilər. Belarusdakı ABŞ vətəndaşları dərhal ölkəni tərk etməlidirlər” qeyd edilir.
  Bəyanatda həmçinin ABŞ vətəndaşlarına Belarusa səfər etməmələri ilə bağlı xəbərdarlıq edilib və ABŞ-nin Minskdəki səfirliyinin ölkədəki ABŞ vətəndaşlarına göstərə biləcəyi yardımın məhdud olduğuna diqqət çəkilib.

Bəyanatda ABŞ vətəndaşlarına Rusiya və Ukraynaya səfər etməmək barədə xəbərdarlıq da yer alıb.
 
Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, ABŞ-nin vətəndaşlarına bu çağırışı birbaşa Rusiya-Ukrayna müharibəsi ilə bağlıdır: "Hazırda Rusiya və Ukrayna arasında gedən bu ədalətsiz müharibədə Rusiyanı müdafiə edən, hətta onun tərəfdarı kimi çıxış edən yegənə dövlət Belarusiyadır. Lakin Belarus özü bu dəqiqə barıt çəlləyini xatırladır. Xalq Prezident Aleksandr Lukaşenkodan çox narazıdır və yeni hakimiyyətin əlindən təngə gəlib. Ötən seçkilərdə faktiki olaraq müxalifət prezident seçkilərini udmuşdu. Lakin Rusiyanın da müdaxiləsi ilə bu seçkilərin müxalifətçi qalibi əvvəl həbs edildi, daha sonra isə ölkədən uzaqlaşdırıldı".

  Politoloq vurğulayıb ki, Belarus xalqının əksər hissəsi müharibədə Ukraynanın tərəfindədir və ölkə başçısı ilə bu mövzuda fikir ayrılıqları yaşayırlar: "Doğrudur, hazırda ölkə ərazisində Lukaşenkoya qarşı hər hansı bir etiraz aksiyası başlamayıb, amma Belarusda olan proseslər, başda ABŞ olmaqla Qərbin diqqət mərkəzindədir və ABŞ-nin vətəndaşlarına bu yazılı çağırışı burada nələrinsə başvermə ehtimalını yüksəldir. Ona görə də Amerika öz vətəndaşlarının ölkədən çıxmasını istəyir".
  Q.Hüseynli qeyd edib ki, həmçinin Belarusla qonşu dövlətləri arasında da ciddi fikir ayrılıqları və ziddiyyətlər mövcuddur. Belarusun ölkə ərazisində Rusiyanın sifarişi ilə "Vaqner" qaçaq quldur dəstəsini saxlaması və onların burada tənzinlənməsi üçün şərait yaratması həmsərhəd ölkələrin heç biri tərəfindən birmənalı qarşılanmır. Üstəlik, ölkə bu qruplaşmalardan Polşaya, Litvaya və digər qonşu dövlətlərə qarşı müəyyən təxribatların törədilməsində istifadə etməyə çalışır:
"Artıq Polşa Belarus ilə sərhəd ərazisinə xeyli sayda qoşun və texnika yığıb. Hər hansı bir hərbi təxribat olarsa, o zaman Polşa onlara qarşı qətiyyətli şəkildə qarşılıq verəcəkdir. Bu doğrultuda qonşu dövlətlərin öz sərhədlərini Belarusiyanın üzünə bağlaması da gözləniləndir".