Rəsmi Daşkənd Bakını etibarlı tərəfdaş, strateji müttəfiq olaraq görür - RƏY


Özbəkistan lideri Şuşada

"Bizim böyük Qarabağda əsrlər boyu davam edən birliyimiz var”


  Azərbaycanda dövlət səfərində olan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev avqustun 23-də Füzuli rayonuna gedib. Özbəkistan prezidentini Azərbaycan dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva qarşılayıblar. Liderlər Füzuli şəhərində MİDA yaşayış kompleksində yeni evlərə köçürülmüş sakinlərlə görüşüblər. Daha sonra prezidentlər Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər. Ş.Mirziyoyev Füzuli şəhərinin Baş planı ilə də tanış olub. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev sakinlərlə görüşdə deyib ki, Qarabağa, Füzuliyə səfəri ürəyindəki böyük arzularından biri idi. Ş.Mirziyoyev Qələbə üçün Azərbaycan Prezidentinin çiyninə çətin vəzifələr düşdüyünü bildirib: “Bu Qələbə üçün qardaşımın çiyninə çətin vəzifələr düşdü. Amma bu vəzifələr onun ədaləti və həqiqəti bərpa etmək üçün göstərdiyi bütün səylərin nəticəsidir ki, qardaşım Qarabağda Qələbə qazandı. Bu Qələbəni ancaq Vətəninin böyük övladı, xalqını sevən belə müdrik Prezident qazana bilər. Belə bir Prezident qardaşımızın varlığından qürur duyuruq”. Özbəkistan rəhbəri əlavə edib ki, Əmir Teymurdan başlayan münasibətlər indi də çox yaxşıdır: ""Bizim böyük Qarabağda əsrlər boyu davam edən birliyimiz var. Qardaşımın Qələbəsindən sonra iki xalqın böyüklüyü, gələcəkdə də bir-biri ilə dostluğunu davam etdirməsi üçün bir məktəb tikdirmək arzusunda idim. Bu gün arzum gerçəkləşdi. Mən sizləri qayıdışınız və Qələbəniz münasibətilə təbrik edirəm. Sizlərin gələcək həyatınızın firavanlığı üçün qardaşım İlham Heydər oğlu Azərbaycanın dünya birliyində ildən-ilə nüfuzunu artırır”. Özbəkistan lideri özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbi səmimi dostluğumuzun gələcəyinə abidə kimi qiymətləndirib: "Bu məktəb səmimi dostluğumuzun gələcəyinə bir abidə olacaq desəm, doğru olardı. Fürsətdən istifadə edərək, bu məktəbdə təhsil alan uşaqlarımızı ildə iki dəfə Uluqbəyin vətəninə, Özbəkistana, Səmərqəndə dəvət etdim. Qardaşımdan bir daha xahiş edirəm, uşaqlar valideynləri ilə gəlsələr, daha çox məmnun olaram". Daha sonra hər iki dövlət başçısı Şuşa şəhərinə də səfər ediblər. Ölkə liderləri Saatlı məscidində olublar. Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə, Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin işğal dövründə Şuşada ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Şuşanın Baş planı ilə tanışlıqdan sonra prezidentlər Natəvan bulağında, Yuxarı Gövhər Ağa məscidində, Bülbülün ev-muzeyində, Mehmandarovların malikanə kompleksində və Cıdır düzündə olublar.
  Ümumiyyətlə, qeyd etmək lazımdır ki, Azərbaycan-Özbəkistan əlaqələri son illər yeni çağırışlara uyğun inkişaf edir. Dövlət başçılarının qarşılıqlı rəsmi səfərləri, aparılan danışıqlar ikitərəfli əməkdaşlığın inkişafında mühüm əhəmiyyət daşıyır. Ötən il Prezident İlham Əliyev Özbəkistana üç dəfə səfər edib. Prezidentin ötən il iyunun 21-22-də Özbəkistana dövlət səfəri xüsusilə əlamətdar olub. Səfər zamanı ikitərəfli əməkdaşlığın müasir qlobal çağırışlar və mürəkkəb geosiyasi vəziyyətdə yeni keyfiyyətdə inkişafı üçün zəminlər yaradılıb. Dünyada dəyişən şərait daha sıx siyasi əməkdaşlıq, Türk Dövlətləri Təşkilatı çərçivəsində daha fəal, geniş inteqrasiya, təhlükəsizlik və müdafiə sahəsində səylərin əlaqələndirilməsini zəruri edir. Son onilliklərin təcrübəsi göstərir ki, regional ittifaq modelləri ön plana çıxır. Bu baxımdan Cənubi Qafqazın aparıcı ölkəsi kimi Azərbaycan və Orta Asiya regionunda dinamik inkişaf edən güclü mövqelərə malik Özbəkistan əməkdaşlığı türk dövlətlərinin inteqrasiyasının möhkəm özülünü yaradır. Daşkənd və Bakı Türk Dövlətləri Təşkilatının güclənməsini və aparıcı regional və güclü mövqeyə malik təşkilata çevrilməsində maraqlıdır. Xarici siyasətdə müstəqilliyin qorunması, regional inteqrasiya layihələri ilə qlobal təşəbbüslərin uzlaşdırılması, təhlükəsizlik və müdafiə sahəsində güclü potensialın yaradılması ilə Bakı və Daşkəndin mövqeləri üst-üstə düşür.
  Politoloq Turan Rzayev "Sherg.az"a açıqlamasında deyib ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevun səfəri bir çox baxımdan diqqət çəkir. Analitikin sözlərinə görə, onun prezident seçiləndən sonra ilk dövlət səfərini məhz Azərbaycana etməsi diplomatiyada səfər edilən ölkənin önəmini göstərir:

"Rəsmi Daşkənd Bakını etibarlı tərəfdaş, strateji müttəfiq olaraq görür. İki ölkə arasında müxtəlif sahələri əhatə edən 20 sənəd imzalanıb. 2022-ci ilin iyun ayında Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı ikitərəfli münasibətlərin gələcək trayektoriyasını müəyyən edən bir sıra mühüm sənədlər imzalanmışdı. Prinsip etibarilə imzalanan 20 yeni sənəd bundan öncəki sənədlərin davamı və daha təkmil variantlarıdır. Ümumilikdə isə iki ölkə arasında bu günə qədər 160-dan çox saziş imzalanıb.
Bakıda imzalanan 20 sənədin 3-ü xüsusi diqqət çəkir. Məsələn, “Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş” önəmlidir. Hazırda dünyada enerji resursları uğrunda mübarizə gedir və bu resursları əlində tutan ölkələr geosiyasi arenada əsas söz sahibidirlər. Bu baxımdan energetika sahəsində əməkdaşlıq iki ölkə arasında qarşılıqlı əlaqələrin əsas sahəsini təşkil edir. Rusiya-Ukrayna müharibəsi fonunda Qərbin enerji resurslarına, xüsusilə mavi qaza tələbatı artıb. Azərbaycan isə bu vəziyyətdən faydalanaraq Avropa bazarında əsas enerji oyunçusu olmaq istəyir. Müəyyən mənada buna nail olmuşuq. Lakin Qərbin mavi qaza və digər enerji resurslarına artan tələbini rəsmi Bakı təkbaşına qarşılaya bilməz. Azərbaycan region ölkələri ilə bu sahədə əməkdaşlıqda maraqlıdır. Təsadüfi deyil ki, SOCAR və “Uzbekneftegaz” uzun müddətdir ikitərəfli əməkdaşlığın genişləndirilməsi barədə danışıqlar aparırlar. “Uzbekneftegaz”ın Azərbaycanın neft-qaz təşəbbüslərinə, SOCAR-ın isə Özbəkistanın neft-qaz təşəbbüslərinə cəlb edilməsi üzrə planlar inkişaf etdirilib. “Energetika sahəsində əməkdaşlığın dərinləşdirilməsi haqqında Saziş” də məhz bu inkişaf planlarının rəsmi şəkildə təsdiqlənməsi deməkdir".
  Ekspertin fikrincə, iki ölkə arasında təhlükəsizlik memorandumunun imzalanması da olduqca əhəmiyyətlidir: "Özbəkistanla Azərbaycanı bir-birinə yaxınlaşdıran səbəblər var. Belə ki, hər iki ölkə yerləşdiyi regionda böyük güclərin hədəfindədir.
  Azərbaycan kimi Özbəkistan da regionda sərbəst xarici siyasət aparmaq istəyir. İki ölkənin bu niyyəti onları bir-birinə yaxınlaşdırır. Hesab etmək olar ki, bu memorandum iki ölkəni xarici siyasətdə ortaq addımlar atmasına, ortaq maraqlar formalaşdırmasına səbəb olacaq. Müqayisə üçün deyim ki, Türkiyə və Azərbaycan uzun illərdir xarici siyasətdə atılan addımları qarşılıqlı şəkildə müzakirə edir, ortaq qərarlar verir. İmzalanan 20 sənədin içərisindən ən önəmlisi "hərtərəfli strateji tərəfdaşlığın dərinləşdirilməsinə dair 2023-2024-cü illər üzrə Yol Xəritəsi"dir. Azərbaycan və Özbəkistan bir çox sahədə geniş əlaqələrə malikdir. Bu əlaqələrin 2023-2024-cü illər ərzində daha da dərinləşdirilməsi ondan xəbər verir ki, Daşkənd Bakı ilə əlaqələri mərhələli şəkildə dərinləşdirmək, inkişaf etdirmək istəyir. Əlbəttə, Daşkəndin bu istəyində qeyri-adi heç nə yoxdur, lakin prosesin yekunu mümkündür ki, Türkiyə ilə imzalanan Şuşa Bəyannaməsi kimi Füzuli və ya Daşkənd bəyannaməsi ilə yekunlaşsın. Yəni Azərbaycan-Özbəkistan münasibətləri rəsmi şəkildə hərbi-siyasi müttəfiqlik səviyyəsinə qaldırıla bilər".