Rusiya-Ukrayna münaqişəsinə Türkiyədə yekun vurulacaq - ŞƏRH

Qalib olmayacaq

“Rusiyanın imkanı olsaydı, indiki halda müharibəni dayandırardı. Amma bu, Putin Administrasiyasının məğlubiyyəti deməkdir”

“Ukraynanın itkiləri çoxdur və ona görə də rahatlıqla sülhə gedə bilməz, qazanan Qərb olacaq"

  "Rusiyanın Liman-Kupyansk istiqamətində 45 mindən çox hərbi qulluqçusu, çoxlu sayda tankı, piyadaların döyüş maşınları, artilleriya sistemləri var. Lakin Ukrayna Silahlı Qüvvələri güclü müdafiəyə malikdir". Bu sözləri Ukrayna Silahlı Qüvvələrinin Şərq qoşun qrupunun mətbuat xidmətinin rəhbəri İlya Yevlaş deyib. Onun sözlərinə görə, ruslar hücum etməyə çalışırlar: "Ancaq onlarda öz torpaqlarını müdafiə edən və geri çəkilməyə yerləri olmayan hərbçilərimizdə olduğu kimi motivasiya yoxdur". Ukraynanın Müdafiə naziri Oliksiy Reznikov isə bildirib ki, müharibə uzun çəkə bilər, çünki düşmən güclü və xaindir. O bildirib ki, qələbə qazanmaq təkcə torpaqları azad etmək deyil: “Biz əmin olmalıyıq ki, düşmən yenidən hücum etməyəcək. Bu, çətin işdir”. Nazir rəsmi Kiyevin qələbəsinə inamını ifadə edib: “Bu, əsl marafondur. Bizi hələ də ciddi itkilər gözləyir”. Rusiya Prezidenti Vladimir Putin vurğulayıb ki, bəzi Qərb ölkələrinin dünyada öz hegemonluğunu saxlamaq istəyi Ukraynada ağır böhrana səbəb olub. Onun sözlərinə görə, Rusiyanın Ukraynadakı hərəkətləri yalnız Qərbin başlatdığı müharibəni dayandırmaq cəhdi ilə izah oluna bilər: "Rusiya BRİKS daxilində Ukraynadakı münaqişənin həllinə kömək etməyə çalışan tərəfdaşlarına minnətdardır".
  ABŞ Dövlət Departamentindən bildirilib ki, Vaşinqton Ukraynanı Rusiya Federasiyasına hücuma “təşviq etmir”. Ukrayna tərəfi ruslardan qorunmaq barədə özü qərar qəbul edir: "Rusiya öz qoşunlarını Ukraynadan çıxarmaqla hər an müharibəyə son qoya bilər. Qeyd edək ki, rəsmi Kiyevin mövqeyinə görə, savaş Ukraynanın suverenliyinin bərpası, o cümlədən Krımın azad olunması ilə başa çatmalıdır. Bu arada Rusiyanın paytaxtı Moskva şəhəri yenidən PUA-ların hücumuna məruz qalıb. Paytaxt meri Sergey Sobyanin rəsmi teleqram kanalında yazıb ki, Moskva vilayətinin Mojaysk rayonunda pilotsuz uçuş aparatı hava hücumundan müdafiə vasitəsi ilə vurulub, daha bir PUA isə Moskva-Siti ərazisində tikilməkdə olan binaya düşüb.
  Siyasi-şərhçi Azər Niftiyev "Sherg.az"a açıqlamasında bildirib ki, ilkin dövrlərdə beynəlxalq ictimaiyyətdə, habelə Rusiyanın özündə böyük ümid var idi ki, qısa zamanda Kiyev təslim olacaq. Analitikin sözlərinə görə, Rusiya Ukraynada öz adamını hakimiyyətə gətirməyi planlaşdırır, bununla ölkəni nəzarət altına almağa müvəffəq olacağını zənn edirdi. Hətta Qərb dairələri də bu versiyanın baş tutacağına inanırdılar:

"Məhz o səbəbdən də Rusiya Ukraynaya qarşı hücumlara başladığı dövrdə Qərb dairələri tərəfindən Ukrayna rəhbəri Zelenskiyə sığınacaq təklif olunurdu. Lakin Qərbin çoxvektorlu embarqoları, eləcə də Ukraynanı silah və ərzaqla təmin etməsi, ən əsası da Ukrayna hakimiyyətinin və ukraynalıların sonadək dirənməsi, geri çəkilməməsi savaşın uzanmasına səbəb oldu. Əminliklə söyləmək olar ki, Rusiya, nəinki Ukraynanı təslim ala bildi, döyüşlərdə üstünlüyünü belə itirib. "Rusiya-Ukrayna savaşında hansı tərəfin əli daha güclüdür" sualına cavab vermək mümkün deyil".
  Ekspertin fikrincə, Rusiyada motivasiya yoxdur: "Putinin səfərbərlik qərarından sonra ruslar açıq şəkildə Ukraynaya qarşı döyüşmək niyyətində olmadıqlarını bildirdilər. Ancaq müharibənin əvvəlində fərqli düşünürdülər, ideoloji dəstək verirdilər. Rusiya cəmiyyətində Putinin müəyyən dəstəyi var idi. Ancaq əhali müharibənin genişləndiyini gördükdə əksər rus vətəndaşı savaşdan imtina etdi. Rusiyanın imkanı olsaydı, indiki halda müharibəni dayandırardı. Amma bu, Putin Administrasiyasının məğlubiyyəti deməkdir. Ümumiyyətlə, gec-tez bütün münaqişələr, müharibələr danışıq masasında bitir. Tərəflər güzəştlərə o halda gedəcəklər ki, hər ikisi üstünlük qazandığını düşünəcək. Türkiyə kimi müstəqil və tərəfsiz ölkənin Rusiya-Ukrayna arasında dominantlığı, hər iki tərəflə əlaqəsi və sülhə çalışması daha məqsədəuyğundur. Şəxsən hesab edirəm ki, Rusiya-Ukrayna münaqişəsinə məhz, Türkiyədə yekun vurulacaq. Ukraynanın itkiləri çoxdur və ona görə də rahatlıqla sülhə gedə bilməz. Əlbəttə ki, qazanan Qərb olacaq".