Separatçıların son günləri! - "Üsyan olacaq"

Onlar erməniləri uzun müddət təzyiq altında saxlaya bilməyəcək, gec-tez Xankəndidə üsyan olacaq

  Xankəndidə yaşayan qarabağlı erməni Anna Mnasaqaryan İrəvandakı "Hraparak" qəzetinə müsahibəsində separatçıları ifşa edib. Onun sözlərinə görə, Qarabağda yaşayan ermənilər qeyri-müəyyən vəziyyətdədir və nə edəcəklərini bilmirlər. Əsas problem isə odur ki, Xankəndidəki rəhbərliyə inam qalmayıb: "Yeni "könüllülər" peyda olur, onlar da insanları hədələyir, nə edəcəyimizi və nə etməyəcəyimizi söyləyirlər. İnsanlar anlamsız vəziyyətdədir və siyasi problemlərin qurbanlarına çevrilirlər. İndiki vəziyyətdən necə çıxacağımızı bilmirəm. Amma belə davam edərsə, əziyyət çəkən biz olacağıq. "Rəhbərlərimiz" özlərinə çıxış yolu tapacaqlar". Erməni qadının sözlərinə görə, vəziyyət dəyişməsə, yaşadıqları yerləri tərk etmək barədə düşünəcəklər: "Ümidsiz vəziyyətdəyik, niyyətlərimiz puç olub. Bu bəlalı vəziyyətdən çıxış yolu barədə kimsə bizə bir kəlmə də demir". Son günlərdə onlarla qarabağlı erməninin ən müxtəlif səbəblərlə və əksər hallarda bəhanələrlə Ermənistana yollandığı faktdır. Laçındakı sərhəd nəzarət-buraxılış məntəqəsindən keçərək Ermənistana gedən ermənilərin yüklərinə, çantalarına baxdıqda onların gedişlərinin qısamüddətli olmadığını demək mümkündür. Qarabağdakı separatçı ünsürlər "sonadək mübarizə aparacağıq" tipli bəyanatlar versələr də, real situasiya tam fərqlidir. Qarabağdakı ermənilər siyasi oyunların qurbanına çevrildiklərini, separatçıların girovluğunda, təhdid və qorxu altında yaşadıqlarını görməyə başlayıblar. Rəsmi Bakı öz mövqeyini bir daha bəyan edir - Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlığını və qanunlarımızı qəbul etməklə rahat və təhlükəsiz həyat şəraitinə sahib ola bilərlər.
  Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında bildirib ki, Qarabağdakı vətəndaşlarımız sayılan mülki ermənilər açıq-aşkar separatçıların girovluğundadırlar və bunu özləri də etiraf edirlər. Deputatın sözlərinə görə, onlar öz istəklərini ifadə etməkdə çətinlik çəkirlər, çünki separatçıların təzyiqi ilə üzləşirlər:

"Amma Qarabağdan çıxan ermənilər öz hisslərini gizlədə bilmirlər. Məsələn, bir neçə gün öncə Laçın yolu üzərində nəzarət-buraxılış məntəqəsindən keçən erməni qızı hər şeyin yaxşı olduğunu və postda heç bir təzyiq görmədiyini etiraf etdi. Sadə ermənilərin əksəriyyətinin düşüncəsi o cürdür. Qarabağdakı separatçı rejim erməniləri uzun müddət təzyiq altında saxlaya bilməyəcək. Gec-tez Xankəndidə partlayış olacağını və separatçılara qarşı insanların üsyan edəcəyini hesab edirəm. Artıq Xankəndidə saxta rejimlə digər separatçılar arasında qarşıdurma olduğunu görürük. Separatçılar son günlərini yaşayırlar. Qarabağ Azərbaycandır və orada dövlət quruluşumuzun bərpası labüddür. Xankəndinin təminatı da Ağdam-Xankəndi yolu vasitəsilə təmin olunacaq. Qarabağda yaşayan ermənilər vətəndaşlıq alandan sonra Azərbaycanın digər əhalisi kimi eyni hüquqlara sahib olacaqlar".