İrəvanın Bakıya təkliflər vermək şansı qalmayıb

Paşinyan yenə də siyasi manipulyasiya və daxili auditoriyanı sakitləşdirməklə məşğuldur

  İrəvan Bakıya sülh sazişi üzrə yeni təkliflər təqdim edib. Bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan hökumətin iclasında bildirib: “Biz Ermənistan və Azərbaycan arasında sülh sazişi ətrafında yeni təkliflərimizi Azərbaycan tərəfinə vermişik”. Xatırladaq ki, Nikol Paşinyan bir neçə dəfə Azərbaycana sülh təkliflərinin göndərildiyini bildirib. Lakin təklifin təfərrüatları açıqlanmayıb. Ermənistan və Azərbaycan arasında Rusiya, ABŞ və Avropa İttifaqının vasitəçiliyi ilə sülh danışıqları aparılır. Nikol Paşinyan dəfələrlə Azərbaycanın Qarabağla birlikdə suverenliyini tanımağa hazır olduğunu vurğulayıb. Lakin son günlər həm siyasi, həm də hərbi müstəvidə baş verən ardıcıl təxribatlar İrəvanın sülhdə maraqlı olmadığını göstərir.
  
Millət vəkili, siyasi elmlər doktoru, professor Elman Nəsirli "Sherg.az"a açıqlamasında bildirib ki, Nikol Paşinyan qədər qeyri-sabit ikinci dövlət başçısına rast gəlmək çox çətindir. Deputatın sözlərinə görə, Paşinyanın Vaşinqtonda Amerikanın, Brüsseldə Avropanın, Fransanın, Rusiyada isə Moskvanın maraqlarına uyğun açıqlamalar verir: "Nikol Paşinyan eyni anda üç stolda əyləşən siyasətçi kimi tanınır. Bir yandan sülhdən danışır, Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın Azərbaycan ərazisi olduğunu bildirir, digər yandan, dediklərinə zidd olaraq hərbi təxribatlara əl atır. Şərti sərhədlərdə, Qarabağın nəzarətimizdən müvəqqəti kənarda qalan bölgəsində hərbi insidentlər törədilir. Əlbəttə, hadisələrin bu yöndə inkişafı regiona sabitlik, davamlı sülh gətirə bilməz. Azərbaycan tərəfi konkret 5 paza prinsipini irəli sürüb və İrəvan bunları qəbul etdiyini açıqlayıb. İrəvan hökumətinin bu prinsiplərə bir sıra əlavələr etməsi bəllidir. Düzdür, bir çox hallarda əlavələrin mahiyyətini gizli saxlayırlar. Ermənistan rəsmilərinin bəyanatlarından bəllidir ki, onlar daha çox Qarabağda yaşayan ermənilərin "siyasi hüquqlarını və təhlükəsizlik" məsələlərini qabardır. Əsasən də, Qarabağda yaşayan ermənilər üçün muxtariyyət ideyasını ortalığa atırlar".
  Parlament üzvü vurğulayıb ki, 44 günlük müharibəyə qədər Qarabağın "müstəqilliyi", yaxud Ermənistana birləşdirilməsini xəttini irəli sürürdülərsə, indi məğlub ovqatda muxtariyyətdən danışırlar: "Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə söyləyib ki, heç bir muxtariyyətdən söhbət gedə bilməz. Qarabağda yaşayan ermənilər bizim vətəndaşlarımızdır və qanunlarımıza tabe olmalıdırlar. Bu, prinsipial, dəyişməz mövqedir və Azərbaycanın daxili işidir. Düşünürəm ki, Paşinyan yenə də siyasi manipulyasiya və daxili auditoriyanı sakitləşdirməklə məşğuldur. Onu tənqid edənlərə, hədələyənlərə göstərmək istəyir ki, guya qətiyyətlidir və kompromissiz siyasət yeridir. Tarixin öz inkişaf xətti və məntiqi isə tələb edir ki, Ermənistan Azərbaycanla sülh müqaviləsini imzalamağa məcbur və məhkumdur. Bunun əksi Ermənistan üçün fəlakətdir".