Ermənilərin pafoslu çıxışları: Azərbaycan haqq yolundadır  - Hərbi ekspert

 Qarabağdakı separatçılar növbəti dəfə revanşist düşüncələrini ortaya qoyublar. Bu barədə qondarma parlamentin “spiker”i David İşxanyan yazıb. O iddia edib ki, “Qarabağın təhlükəsizlik zəmanəti” “müdafiə ordusu”dur.
  “Artıq islahatlara başlamışıq. Biz döyüşü uduzmuşuq, müharibəni yox. Biz hazırlaşırıq”, – o qeyd edib.
  Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən hərbi ekspert Alparslan İmamqulu bildirib ki, bölgədə hər hansı bir əməliyyatı başladacaq qüvvə varsa, o da Azərbaycandır. Ölkəmiz hazırda bölgədə antiterror əməliyyatlarını davam etdirir: 

"Antiterror əməliyyatı dedikdə burada yalnız silah gücünə olunan əməliyyatlar nəzərdə tutulmur. Antiterror əməliyyatlarının çeşidlərinə baxsaq, burada yalnız silah gücünə deyil, digər vasitələrlə də icra olunan çoxşaxəli əməliyyat növlərinin olduğunu görmüş olarıq. Qarşı tərəf sadəcə bu cür əməliyyatların olmasından və hər keçən gün bu əməliyyatların genişmiqyaslı xarakter almasından narahatdır".
  Ekspert vurğulayıb ki, hazırda Azərbaycan bölgədə yerləşən terrorist qüvvələri zərərsizləşdirməklə məşğuldur. Ölkə sərhədləri daxilində təhlükəsizliyin təmin edilməsi qarşıya qoyulan başlıca məqsəddir və durmadan bu istiqamətdə işlər görülür: "Zaman və dövr artıq dəyişib. Bölgədəki nəzarət tam olaraq bizim əlimizdədir. Bu səbəbdən də edilən bu pafoslu çıxışlar heç bir önəm kəsb etmir. İstədikləri qədər hazırlandıqlarını desinlər, nəticə dəyişməz olaraq qalacaq. Azərbaycan haqq yolundadır və sərhədlərimiz daxilində yerləşən terrorist qüvvələr tamamilə zərərsizləşdirildikdən sonra sıra şərti sərhədlərimiz ötəsində olan terrorist qüvvələrə də gələcəkdir".