Fransa TIR-larla döndü, siyasətindən də dönəcək - RƏY

Azərbaycan tərəfin yükləri buraxmamaq tam haqqıdır

  Fransadan Qarabağa göndərilən “humanitar yardım”lar saxlama müddətləri ilə bağlı müəyyən xüsusi tələblərin olması nəzərə alınaraq, sərhəddən qaytarılıb və Gorus və digər yaşayış məntəqələrindəki anbarlara yığılıb.
Bunu Ermənistan hökumətinin nümayəndəsi Vardan Sarkisyan deyib.
  Qeyd edək ki, Fransa şəhərlərindən Qarabağdakı ermənilər üçün 10 TIR-dan ibarət “humanitar yardım” göndərilib. Lakin Azərbaycan “yardımları” sərhəddən buraxmadığı üçün TIR-lar şərti sərhəddən geri qayıtmışdı.
  Mövzu ilə bağlı "Sherg.az"a açıqlama verən politoloq İlqar Vəlizadə bildirib ki, Fransa humanitar yardım adı ilə əslində Azərbaycana təzyiqlər göstərmək niyyətindədir. Azərbaycan da bu təzyiqlərə cavab olaraq adekvat addımlar atır: 

"Bildiyiniz kimi, Azərbaycanın, Qarabağın erməni sakinləri üçün göndərdikləri yardımlara qarşı onlar tərəfindən müəyyən aksiyalar olur, yardım TIR-larından imtina edirlər. Fransa tərəfindən humanitar yardım adı altında göndərilən TIR-lar da sırf bu məsələ ilə bağlıdır. Fransa tərəfi yükləri göndərərkən bu yüklərin sərhəd-buraxılış məntəqəmizdə saxlanılacağını yaxşı bilirdilər".
  Politoloq vurğulayıb ki, humanitar yardımla bağlı öncədən Azərbaycan tərəfinə məlumat verilməli və bu məlumatda humanitar yardımın məqsədləri izah olunmalıdır. Humanitar yardım adı altında xəbərsiz şəkildə yüklər göndərmək nəinki düzgün deyil, bu həm də təxribat xarakterli addım sayılır: "Belə iyrənc siyasət həqiqətən heç yerdə görünməyib. Həqiqətən humanitar yardıma ehtiyacı Somali, Yəmən, Suriya, digər Afrika ölkələrini qoyub, ehtiyac olmayan, zərərçəkmiş əhali olmayan yerə yardım göndərmək düzgün deyil. Azərbaycan tərəfin yükləri buraxmamaq tam haqqıdır".