Səfərin yekunu ilə bağlı xüsusi bir gözlənti yoxdur 

Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar Ermənistanda səfərdədir.
  
Ermənistan Müdafiə naziri Suren Papikyan Toivo Klaarı və Aİ Nümayəndəliyinin rəhbəri Vasilis Maraqosu qəbul edib.
  Görüş zamanı regional məsələlər və Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub.
 
 Toivo Klaarın Ermənistana olan səfərini “Sherg.az”a şərh edən politoloq Aytən Qurbanova bildirib ki, bu ilin 29 sentyabr  tarixində başlayan və qısa müddətdə uğurla yekunlaşan lokal xarakterli antiterror tədbirlərindən sonra onun regiona səfəri gözlənilən idi: 

“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Toivo Klaarın Azərbaycana səfəri və bu səfər çərçivəsində xarici işlər naziri Ceyhun Bayramovla görüşü də gözlənilir. Düşünürəm ki, mahiyyət etibarilə bu səfərin əsas məqsədi danışıqlar prosesində təşəbbüsü əldən verməmək və İttifaqın vasitəçilik missiyasının önəmini daima gündəmdə saxlamaqdır. Ümumilikdə səfərin yekunu ilə bağlı xüsusi bir gözlənti yoxdur. Amma səfər çərçivəsində keçirilən görüşlərin gündəmində əsasən antiterror tədbirlərindən sonra ağ bayraq qaldıraraq təslim olan separatçıların Azərbaycanın haqlı tələblərin qəbul etməsi nəticəsində danışıqlar prosesinin gələcəyi ilə bağlı gözləntilərin dəyərləndirilməsinin olduğunu ehtimal etmək olar”.
 
 Xatırladaq ki, 16 avqust 2023-cü il tarixində nazir Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Daha sonra T.Klaar 18 avqust tarixində Ermənistana səfər edərək, Aİ-nin Ermənistandakı Monitorinq Missiyasının rəhbəri Markus Ritterlə görüşüb.