Rusiya-Ermənistan münasibətlərinin ən gərgin dövrüdür  - ŞƏRH

Moskva yaxın vaxtlarda Ermənistan rəhbərliyinin ikitərəfli münasibətlərə xələl gətirən bir neçə bəyanatı ilə bağlı açıqlama verəcək.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Əlbəttə ki, Moskva ilk növbədə reallığa uyğun gəlməyən bir sıra məqamlara diqqətini yönəldir: Ermənistanın Baş naziri Paşinyan və İrəvanın tərəfindən ikitərəfli münasibətlərin inkişafına zidd və əks bəyanatlara. Buna ətraflı cavab yaxın gələcəkdə veriləcək, bir neçə dəqiqə ərzində Rusiya Xarici İşlər Nazirliyinin müvafiq bəyanatı dərc olunacaq”, - o bildirib.

Rusiya və Ermənistan arasında olan hazırkı durumu “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin Daxili siyasətin təhlili departamentinin baş məsləhətçisi, politoloq İlyas Hüseynov bildirib ki, iki dövlət arasında olan münasibətlər ən gərgin dövrünü yaşayır:

 “Bunun əsas səbəbkarı Ermənistanın Baş naziri Nikol Paşinyan və onun etdiyi çıxışlardır. Xüsusilə  “La Repubblica” qəzetinə açıqlamasında “bir gün biz sadəcə olaraq ayılıb regionda Rusiyanın  olmadığını görəcəyik” fikri Rusiya tərəfindən böyük etirazla qarşılandı. Həmçinin Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Kiyevə səfəri və humanitar yardım göstərməsi Kreml ilə İrəvan arasında münasibətlərin daha da anlaşılmaz vəziyyət almasına zəmin yaratdı. Eyni zamanda Azərbaycanın lokal xarakterli antiterror tədbirlərinin nəticəsində  uğursuzluğa düçar olan Ermənistan hökuməti  birbaşa  Rusiyanı günahlandırdı. Belə olan təqdirdə İrəvan və Kreml arasında münasibətlər tamamilə pozuldu. Digər tərəfdən hazırda İrəvanda Rusiya səfirliyi önündə  çıxışlar davam etməkdədir. Onlar Rusiyanı açıq şəkildə ittiham edirlər.  Nikol Paşinyan da son müraciətində burada təhlükəsizlik aspektini diqqətə gətirərək strateji səhv etdiklərini dilə gətirir. Bu strateji səhv təhlükəsizlik mövzusunda Ermənistanın Rusiyanın çətiri altına keçməsi ilə bağlıdır”.
 İ.Hüseynov qarşıdakı dövrdə Ermənistanın daha çox Qərb tərəfə yönəlməsinin müşahidə olunacağını vurğulayıb:

“Paşinyan Rusiyaya deyil, ABŞ, Fransa və İrana daha çox güvəndiklərini bəyan etməkdən çəkinmir. Bu bəyanatlar təbii ki, Rusiya hakimiyyəti tərəfindən qəbul edilmir. Bundan sonrakı zaman sözügedən iki ölkə arasında gərginliyin daha da artacağını düşünürəm. Rusiya hazırda Ermənistanda hakimiyyət dəyişikliyini arzulayır. Ermənistanda hakimiyyətə qarşı olan nümayişlər öz məntiqi sonluğuna çatarsa, Kreml bu fürsətdən istifadə edərək Rusiya yönümlü namizəd irəli sürəcək”.