Kreml ABŞ-nin Qarabağla bağlı müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür.
Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.
“Qarabağda beynəlxalq missiya yalnız Bakının razılığı ilə mümkündür. Biz burada konkretlik görmürük, istənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. Biz İrəvan və Bakı, eləcə də Qarabağın etnik erməniləri ilə əlaqələrimizi davam etdirəcəyik”, – Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Onun sözlərinə görə, ABŞ-nin “şifahi müdaxilələri” ilə müqayisədə Rusiya Federasiyası faktiki olaraq Qarabağ nizamlanması prosesində iştirak edir.
Dmitri Peskovun fikirlərinə münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov "Sherg.az"a deyib ki, geosiyasi güc faktorlarının hər zaman diqqətdə saxlanılan bir aspekt olduğunu nəzərə almaq lazımdır:
"Rusiya bütövlükdə Amerika Birləşmiş Ştatlarının bu gün Ermənistan vasitəsilə Cənubi Qafqaza soxulma cəhdlərini bloklamağa çalışır. Eyni zamanda Rusiyanın bu məsələdə beynəlxalq birliyə etiraz etməsi təkcə ədalətin yanında olmaq istəyi ilə bağlı deyil. Əlbəttə ki, Rusiya Ermənistanın Qarabağ məsələsini bəhanə edərək bölgəyə daha çox Qərb casus şəbəkələri gətirmək istədiyini anlayır. Bu günə qədər Avropa İttifaqının mülki müşahidə missiyası altında Ermənistan əraziləri Qərb kəşfiyyatına bağlı olan qüvvələr tərəfindən açılmışdı. İndi isə ermənilər bu məsələni bəhanə edərək bölgədə yeni gərginlik yaratmağa çalışırlar. Bütün bunların fonunda Rusiyanın belə çıxışları çox ağlabatandır. Çünki Şimal qonşumuz Ermənistan vasitəsilə ikinci Ukrayna cəbhəsinin açılmasını başa düşür. İkinci cəhbə isə Rusiyanın gələcək fəaliyyətini ciddi təhdid edir. Eyni zamanda Qərb Ermənistanın əli ilə Rusiyanı Cənubi Qafqazdan çıxarmağa çalışır. Buna görə də Dmitri Peskov Qarabağla bağlı hansısa beynəlxalq missiyaya ehtiyac olmadığını söyləməklə bir növ həqiqəti demiş oldu. Pisləşən Ermənistan-Rusiya əlaqələri fonunda Şimal qonşumuzun Azərbaycana yönəlik açıqlamaları bizim üçün vacibdir".