Avropa İttifaqı bu dəfə haqlını gördü - ŞƏRH

Bəyanat Azərbaycanın yaratdığı yeni reallıqların qəbul edilməsi deməkdir

Antiterror tədbirlərinin nəticəsi göstərdi ki, sülhün alternativi yoxdur və bundan sonra tərəflər davamlı sülhə nail olmaq üçün bütün səylərini səfərbər etməlidir

  Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Şarl Mişelin müşavirləri Saymon Mordu və Maqdalena Qrononun Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev və Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə görüşü olub. Görüşdə həmçinin Fransa Prezidentinin və Almaniya kanslerinin diplomatik müşavirləri Emmanuel Bonne və Yens Plotner, Aİ-nin Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar da iştirak ediblər. Şarl Mişel qısa fikir mübadiləsi üçün iştirakçılara qoşulub. Avropa İttifaqı görüş iştirakçılarını Qarabağdakı mövcud vəziyyət və yerli əhalinin təcili ehtiyaclarının ödənilməsinə yönəlmiş müxtəlif səylər barədə fikir mübadiləsi aparmağa dəvət edib. Qeyd olunub ki, Avropa İttifaqı regionda baş verən bütün prosesləri diqqətlə izləyir. Hikmət Hacıyev Azərbaycanın Qarabağın erməni sakinlərinə humanitar yardım göstərmək və onların təhlükəsizliyini təmin etmək planlarını açıqlayıb. Prezidentin köməkçisi və Armen Qriqoryan Ermənistan-Azərbaycan sülh prosesini, məsələn, sərhədlərin delimitasiyası, təhlükəsizlik, kommunikasiyalar, humanitar məsələlər və sülh müqaviləsi kimi sahələrdə irəliləyiş üçün mümkün konkret addımları müzakirə ediblər. Aİ-nin məlumatında normallaşma prosesinin bütün sahələrində konkret fəaliyyətə ehtiyac olduğu vurğulanıb. Ekspertlərin fikrincə, Aİ-nin bu bəyanatı Azərbaycanın Qarabağda lokal antiterror tədbirləri nəticəsində yaratdığı yeni reallığın dünya ictimaiyyəti tərəfindən qəbul edildiyini göstərir. Bəyanatla bir daha təsdiqlənib ki, Azərbaycan tərəfindən həyata keçirilən tədbirlər Ermənistanın qanunsuz silahlı birləşmələrinin və onların suveren ərazisindəki hərbi infrastrukturunun zərərsizləşdirilməsinə yönəlib. Digər mühüm məqam ondan ibarətdir ki, bu bəyanatla əslində Azərbaycanın nəinki dinc əhaliyə zərbə endirmədiyini, əksinə, sakinlərin təhlükəsizliyini təmin etmək üçün üzərinə düşən vəzifələri yerinə yetirdiyi təsdiqlənib. Bundan başqa, Azərbaycan mülki əhalinin öz yaşayış yerlərində qalmasını, bu ərazidə yaşayan insanlara humanitar yardım göstərməsini, beynəlxalq strukturların humanitar missiyalarına şərait yaradılmasını istəyir. Mülki əhalinin ərazidən çıxarılması məcburi deyil, onların öz seçimidir. Antiterror tədbirləri nəticəsində yaradılmış yeni reallıq onu göstərir ki, sülhün alternativi yoxdur və bundan sonra tərəflər davamlı sülhə nail olmaq üçün bütün səylərini səfərbər etməlidir.
  Millət vəkili Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında bildirib ki, Avropa İttifaqının Brüssel görüşü ilə bağlı bəyanatı ümumi konseptual yanaşmada beynəlxalq hüquqa dayanır. Deputatın sözlərinə görə, Aİ-nin bəyanatı dövlətin ərazi bütövlüyü və həmin ərazidə suveren hüquqlarının tanınmasına əsaslanır: 

"Bu həm də, etiraf bəyanatıdır. Brüsseldə keçirilən görüşdə kommunikasiyaların açılması, sərhədlərin delimitasiya və demarkasiyası, çərçivə sazişinin imzalanması və s. bir çox məsələlər müzakirə olunub. Bu məqamlar hazırkı mərhələdə çox aktualdır. Son 3 ildə ən az üç mühüm hadisəyə şahidlik etmişik. Bunlardan birincisi, heç şübhəsiz, 44 günlük Vətən müharibəsinin baş verməsi və torpaqlarımızın işğaldan azad edilməsidir. İkincisi, 2022-ci il sentyabr döyüşlərində şərti sərhədlərdə erməni təxribatlarının qarşısının alınması, üçüncü isə sentyabrın 19-20 tarixlərində keçirilmiş antiterror tədbirləridir. Bu mənada ərazi bütövlüyü və suverenliyimizin qarşılıqlı şəkildə tanınması ilə bağlı Avropa İttifaqının bəyanatı Azərbaycanın yaratdığı yeni reallıqların qəbul edilməsi deməkdir. Həm də o deməkdir ki, hazırda Qarabağda baş verən proseslər, yəni köç prosesi ermənilərin sərbəst şəkildə özlərinin könüllü seçimidir. Azərbaycan bu məsələyə müdaxilə etmir. Azərbaycanın erməni sakinləri reinteqrasiyaya dəvəti kontekstində onlar öz istəkləri ilə sərbəst qərar qəbul edirlər. Hesab edirəm ki, bu reallıqlardan çıxış edilərək İspaniyanın Qranada şəhərində kommunikasiyaların açılması və sərhədlərin müəyyənləşməsi ilə bağlı ümumi razılıq əldə etmək mümkündür. Əgər Ermənistan tərəfi konstruktiv mövqe nümayiş etdirməyi bacararsa, həqiqətən sülhdə maraqlı olduğunu sübut edərsə, o zaman prinsipial məsələ olan Zəngəzur dəhlizinin açılması da həllini tapmalıdır. Zəngəzur dəhlizi ilə bağlı razılıq olarsa, sülh sazişi ilə bağlı çərçivə sənədini də gündəmə gətirmək olar".