İrəvan məğlubiyyət eyforiyasından çıxa bilmir - RƏY

Əlbəttə ki, Qarabağda beynəlxalq missiya yalnız Bakının razılığı ilə mümkündür

  Kreml ABŞ-nin Qarabağla bağlı müşahidə missiyası yaratmaq fikrində hələlik heç bir konkretlik görmür. Bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. O deyib ki, Qarabağda beynəlxalq missiya yalnız Bakının razılığı ilə mümkündür: "Biz burada konkretlik görmürük, istənilən missiya yalnız Azərbaycan tərəfinin razılığı ilə mövcud ola bilər. Biz İrəvan və Bakı, eləcə də Qarabağın etnik erməniləri ilə əlaqələrimizi davam etdirəcəyik”. Onun sözlərinə görə, ABŞ-nin “şifahi müdaxilələri” ilə müqayisədə Rusiya faktiki olaraq Qarabağ nizamlanması prosesində iştirak edir. Peskov ABŞ-nin Ermənistana energetika sahəsində əməkdaşlıq təklifini şərh edərək, Rusiya Federasiyasının enerji sektorunda bu ölkəyə yardımını və resursların güzəştli tədarükünü xatırladıb. Kremlin sözçüsü Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevin İrəvana səfərinin əvvəlcədən planlaşdırıldığını da söyləyib. Bildirib ki, Kolokoltsev və Ermənistan Baş naziri Nikol Paşinyanın cari məsələlərin müzakirəsi tamamilə normaldır. Qeyd edək ki, son günlər Ermənistan tərəfi israrla BMT və Aİ sülhməramlı missiyasının Qarabağa yerləşdirilməsinin "zərurətindən" danışırlar. Bu məsələ Ermənistan XİN başçısı Arorat Mirzoyan tərəfindən BMT-nin iclasında da gündəmə gətirilmişdi. Politoloq Azər Niftiyev “Sherg.az"a açıqlamasında bildirib ki, 30 illik işğal dövründə beynəlxalq təşkilatlar münaqişənin həlli istiqamətində heç bir nəticəyə nail olmadılar. Analitik deyib ki, BMT kimi nüfuzlu bir qurumun qəbul etdiyi 4 qətnamə yerinə yetirilmədi:

"Regional beynəlxalq qurumların, o cümlədən ATƏT-in, Avropa Parlamentinin qəbul etdiyi sənədlər dəyəri olmayan kağız parçasına çevrilib. Vasitəçilik missiyasını həyata keçirməli olan ATƏT-in Minsk qrupu fəaliyyətsiz və yararsız qurum olub. Həmsədrlər nəinki münaqişənin həllinə nail ola bilməyib, əksinə, ikili standartlardan çıxış ediblər. Məhz bu şərait Azərbaycan dövlətini torpaqlarının işğaldan azad edilməsi üçün hərəkətə keçməyə təhrik edib. 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə olunub. Bundan sonra sülhyaratma prosesinə töhfə verməli olan beynəlxalq təsisatlar ölkəmizə qarşı təzyiqlərə başlayıb. 30 illik işğal dövründə Ermənistanın işğalçılıq və soyqırım siyasəti ilə barışan xarici dairələr əsassız olaraq Azərbaycanı ittiham etməyə başlayıblar”.
  Ekspert hesab edir ki, Qarabağ münaqişəsi artıq başa çatıb: “Müharibədən öncə Prezident İlham Əliyev dəfələrlə Ermənistanın hərbi-siyasi rəhbərliyinə çağırış etdi ki, işğalçılıq siyasətinə son qoyun. Dövlət başçısı bəyan edirdi ki, qan tökməyə ehtiyac yoxdur. Ermənistan işğalçılıq siyasətindən imtina edir, torpaqlarımızı azad edir və bununla da regiona sülh gəlir. Onlar bu çağırışa məhəl qoymadılar. Azərbaycan üçün seçim qalmadı və biz güc yolu ilə torpaqlarımızı işğaldan azad etdik. Qarabağ münaqişəsi artıq başa çatıb. Prezident İlham Əliyevin fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları yaradılıb. Lokal antiterror əməliyyatlarından sonra isə Azərbaycanın suverenliyi tam şəkildə bərpa olunub. Belə bir şəraitdə Ermənistanın rəhbərliyi gələcəyə baxmaq, Qarabağın erməni əhalisinin reinteqrasiyasına dəstək vermək əvəzinə, mənasız və məmzunsuz təkliflərlə çıxış edir. Əlavə edir ki, Ermənistan tərəfindən irəli sürülən yeni sülhməramlıların yerləşdirilməsi təklifi münaqişənin ömrünü süni yollarla uzatmağa xidmət edir və rəsmi İrəvanın məğlubiyyət eyforiyasından qaynaqlanır".