Moskva-Pekin koordinasiyası pozulmalıdır - RƏY

ABŞ Çinə təzyiq siyasətindən imtina etmək istəmir

  Rusiya Ukrayna ilə müharibə fonunda Qərb ölkələriylə münasibətlərini gərginləşdirməkdə davam edir. Moskva bu mübarizədə strateji tərəfdaşı Pekinə arxayındır. Çinin xarici işlər naziri Van Yi bir müddət əvvəl Rusiyaya dörd günlük səfər edərək rusiyalı həmkarı Sergey Lavrovla müxtəlif mövzuları müzakirə etdi. Van Yi eyni zamanda Moskvada iki ölkə arasında 18-ci strateji təhlükəsizlik məsləhətləşmələrinə qatıldı. O, rusiyalı həmkarı Sergey Lavrovla yanaşı Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə də görüşdü. Patruşev dedi ki, Tayvan, Sincan, Tibet və Honq Konq məsələlərində Moskva Pekini dəstəkləyir. Patruşevin sözlərinə görə, Rusiya və Çini cilovlamaq üçün kollektiv Qərbin başlatdığı kampaniya kontekstində beynəlxalq arenada Moskva-Pekin koordinasiyasının və əməkdaşlığın daha da dərinləşməsi xüsusi əhəmiyyət kəsb edir.
  Politoloq Elxan Şahinoğlu deyib ki, Rusiya və Çin BMT, BRİCS, “böyük iyirmilər” və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində birgə əməkdaşlıq mövzularını müzakirə edirlər. Ekspertin sözlərinə görə, Pekin və Moskva eyni zamanda Rusiya-Ukrayna müharibəsinin gedişatı barədə də fikir mübadiləsi aparırlar: 

"Qərbin Rusiya və Çinə münasibəti oxşardır. Moskva və Pekinin siyasətlərini beynəlxalq aləm üçün təhlükə kimi qiymətləndirir. Belə olan halda Moskva və Pekin Qərblə mübarizədə koordinasiyanı gücləndirirlər. Buna baxmayaraq, Çinin Rusiyadan fərqi var. Qərb Kremllə münasibətlərini dondurub, Pekinlə isə müxtəlif səviyyələrdə təmaslar davam edir. Məsələn, Qərb diplomatları Pekinə səfər edir və çinli rəsmiləri ölkələrinə dəvət edirlər. Qərblə Rusiya arasındakı münasibətlərdə görüş və müzakirələr yoxdur. Qərb diplomatları BMT-də Sergey Lavrovla görüşmədilər. Qərb diplomatları işğalçı dövlətin rəsmiləri ilə görüşmək istəmirlər. ABŞ prezidenti Cozef Bayden Çin lideri Tsi Cinpinlə görüşməyi planlaşdırıb. Bu məqsədlə amerikalı və çinli rəsmilər liderlərinin görüşünü hazırlamaq üçün tez-tez təmas qururular. ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Van Yi ilə Malta adasında 12 saatlıq müzakirələr aparıblar. Vaşinton və Pekin arasında təmaslar bundan sonra da davam edəcək".
  E.Şahinoğlu vurğulayıb ki, bu görüşlərə və müzakirələrə baxmayaraq, Vaşinqton Pekinə təzyiq siyasətindən imtina etmək istəmir: "Vaşinqton Çin-Rusiya strateji tərəfdaşlığını, Çinin dənizlərdə hərbi gücünü artırmasını və Tayvan ətrafındakı vəziyyəti ABŞ üçün təhlükə kimi qiymətləndirir. ABŞ bu səbəbdən bölgədə Çinə qarşı müxtəlif siyasi və hərbi ittifaqlar formalaşdırıb. Bunlardan biri yeni təsis edilib. Avqustun 18-də ABŞ, Cənubi Koreya və Yaponiya liderləri bir araya gəliblər. Bu sıraya, ABŞ, Yaponiya, Hindistan və Avstraliya (QUAD), o cümlədən ABŞ, Böyük Britaniya və Avstraliyadan formalaşan AUKUS təşkilatını da aid etmək olar. Bu ittifaqların hər biri Çinə qarşıdır".