Ermənistan danışıqlar üçün əks-gediş hazırlayır

İrəvan iddialarını beynəlxalq strukturlara çıxarmağa nail olsa belə, nəticə əldə edə biləcəyi çətin görünür

  Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanı "etnik təmizləmə" siyasəti yeritməkdə ittiham edib. Qarabağdan ermənilərin köçünə diqqət çəkən Paşinyan bunu "fəlakət" adlandırıb və absurd iddialarla Azərbaycanı suçlayıb. Baş nazir deyib ki, təhlil göstərir ki, yaxın günlərdə Qarabağda erməni qalmayacaq: "Bu, birbaşa etnik təmizləmə və vətəndən məhrumetmə aktıdır. Erməni tərəfi beynəlxalq ictimaiyyəti çoxdan bu haqda xəbərdar edirdi. Müxtəlif beynəlxalq iştirakçıların Qarabağda baş verən etnik təmizləməni pisləyən bəyanatları vacibdir. Amma onlardan sonra konkret addımlar atılmazsa, bu bəyanatlara sadəcə tarix üçün mənəvi statistikanın yaradılması kimi baxılacaq". Azərbaycan Xarici İşlər Nazirliyinin İrəvan hökumətinin başçısına cavabında bildirilib ki, Qarabağ bölgəsində yaşayan yerli erməni sakinlərin Ermənistana və ya başqa ölkəyə köçmək qərarı ilə Azərbaycanın heç bir əlaqəsi yoxdur: "Biz onlara Ermənistanın yaratdığı hərbi xuntanın girovları olduqları dövrdən daha yaxşı yaşamaq üçün şərait yaratmağa hazırıq. Azərbaycan erməni sakinlərini bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya etmək əzmindədir. Azərbaycanın Konstitusiyası, milli qanunvericiliyi və qəbul etdiyimiz beynəlxalq öhdəliklər bu məqsədə çatmaq üçün möhkəm zəmin yaradır".
 
 Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, ermənilərin kütləvi köçünün arxasındakı səbəblərdən biri də məhz Bakıya qarşı beynəlxalq səviyyədə kampaniya aparmaq planıdır. Analitikin fikrincə, bu kampaniyada əsas motiv kimi “deportasiya” iddiası istifadə olunacaq:

 "İrəvan bununla Bakının Qərbi Azərbaycan məsələsini, azərbaycanlıların öz yurdlarından deportasiya olunmasını danışıqlar masasına daxil etməsinə qarşı əks-gediş hazırlayır. Hərçənd, ermənilərin Ermənistana qayıtması prosesinin təşkili Azərbaycanın mümkün kampaniyalara qarşı hazırlaşdığını göstərir. Humanitar yardımlar və tibbi ləvazimatların göndərilməsi, polislərimizin ehtiyacı olan erməni sakinlərə yardım etməsi, Laçın sərhəd-keçid məntəqəsindən keçən ermənilərin media tərəfindən danışdırılması və etiraflarının sənədləşdirilməsi, sərhədi keçənlərə, xüsusilə yanlarındakı azyaşlılara hərbçilərimiz tərəfindən isti münasibətin göstərilməsi və s. Bütün bunlar Ermənistanın “etnik təmizləmə”, “deportasiya” iddiaları üzərindən irəli sürəcəyi ittihamlara qarşı tutarlı arqumentlərdir. Bu baxımdan, İrəvan iddialarını beynəlxalq strukturlara çıxarmağa nail olsa belə, nəticə əldə edə biləcəyi çətin görünür".