Makron da Paşinyan kimi saxtakar və yalançıdır - ŞƏRH

Ermənistanın "böyük bacı"sından ancaq düşmənçilik görmüşük

Fransa parlamentində Azərbaycanla dostluq qrupunun ləğvinin bizə heç bir isti-soyuğu yoxdur

  Fransa-Azərbaycan Parlament Dostluq qrupu fəaliyyətini dayandırıb. Dostluq qrupu rəhbəri, fransalı parlamentari Pyer Vatin məlumat yayıb ki, "Milli Assambleyada rəhbərlik etdiyim Fransa-Azərbaycan Parlament Dostluq qrupu fəaliyyətini və Azərbaycan Milli Məclisinin Azərbaycan-Fransa Dostluq qrupu ilə əlaqələrinə xitam verib". Fransa Ermənistana dəstək fonunda Azərbaycana qarşı hər cür addımı atır. Fransanın xarici işlər naziri Ketrin Kolonna oktyabrın 3-də Ermənistana səfər edəcək. Bununla yanaşı, Fransanın Ermənistanın müdafiə ehtiyaclarını öyrəndiyi deyilir. Fransanın müdafiə naziri Sebastyan Lekorn bildirib ki, Fransa Ermənistanda bu günədək mövcud olmayan müdafiə missiyası açıb: "Bu bizə Ermənistan ordusu, hakimiyyət orqanları ilə onların müdafiə və təhlükəsizlik ehtiyaclarını öyrənmək üçün hər gün əlaqə saxlamağa imkan verəcək. Hər halda biz Ermənistandan gələn müraciətləri nəzərdən keçiririk ki, onlar özlərini müdafiə edə bilsinlər”.
  Millət vəkili Sahib Alıyev deyib ki, Fransa parlamentində Azərbaycanla Dostluq qrupunun ləğvinin bizə heç bir isti-soyuğu yoxdur. Deputatın sözlərinə görə, İkinci Qarabağ savaşından sonra Ermənistanın "böyük bacı"sından ancaq düşmənçilik görmüşük: "Fransa parlamentində belə bir qrupun varlığı, açığı, istehza doğururdu. Ona görə də Fransa parlamentində atılan son addım heç nəyi dəyişmir. 

Onlar bununla sadəcə öz prezidentlərinin Paşinyan kimi saxtakar və yalançı olduğunu təsdiqləyirlər. Xatırlayırsınızsa, bu ilin yanvarında Azərbaycanın Fransadakı yeni səfiri Leyla Abdullayevanın etimadnaməsini qəbul edərkən Emmanuel Makron, guya, ölkəmizin "dostu" olduqlarını bildirmişdi. Fransa parlamentindəkilər isə ondan daha səmimi davranaraq aramızda dostluq kimi qiymətləndirilə biləcək heç nəyin qalmadığını təsdiqləyirlər ki, bu da bizə sirr deyil".