Ulu Öndər xalqı üçün yaşadı

Heydər Əliyevin ilk dəfə prezident seçilməsindən 30 il ötür


Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin ilk dəfə prezident seçilməsindən 30 il ötür. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin oktyabr ayından ölkə rəhbəri kimi fəaliyyətə başlaması qısa müddətdə ölkəmizdə köklü dəyişikliklərin baş verməsinə səbəb oldu. 

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi prezident seçməklə dövlət müstəqilliyimizin qorunub saxlanmasına, sabitliyə və davamlı inkişafa səs verdi. Prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanan Ulu Öndər 1993-cü ilin 10 oktyabrında dövlətə və xalqa sədaqət andı içdi və dedi: “Mənə göstərilən bu böyük etimada görə Azərbaycan vətəndaşlarına, Azərbaycan xalqına hörmətimi, məhəbbətimi bildirir və əmin etmək istəyirəm ki, həyatımın sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək və bütün fəaliyyətimi Azərbaycan Respublikasının gələcək inkişafına sərf edəcəyəm”. Görkəmli dövlət xadiminin həyata keçirdiyi sosial-iqtisadi və siyasi tədbirlərin nəticəsi kimi ölkəmizin milli mənafelərini qorumağa qadir olan nizami silahlı qüvvələr yaradıldı. Torpaqlarımızın işğalının qarşısı alındı, digər tərəfdən, atəşkəs əldə edildi, Azərbaycanın haqq səsi dünyaya çatdırıldı. Yaradılmış sabitliyin nəticəsində qısa müddətdə beynəlxalq aləmdə Azərbaycana münasibət müsbət istiqamətdə xeyli dəyişdi. Ulu öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətləndi. Ümummilli lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş apardı, qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirildi. Respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edildi. Dövlət çevrilişlərinin qarşısı alındı. Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas oldu. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası, Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirildi. Azərbaycan xalqının tarixində taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünyamiqyaslı siyasətçi, parlaq şəxsiyyət Heydər Əliyevin xüsusi rolu var. Ulu öndər Heydər Əliyev qlobal düşüncəli, geniş dünyagörüşlü nəhəng bir siyasətçi idi. O, realist bir insan olaraq hadisələrə praqmatik yanaşır, tarixi şəraitdən düzgün baş çıxarır, ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. O, beynəlxalq aləmdə tarazlaşdırılmış siyasətin, ölçülüb-biçilmiş fəaliyyətin ustadı idi. Bu dahi siyasət adamı bütün fəaliyyəti boyu müdrik insan, peşəkar rəhbər, xalq məhəbbətini qazanan uzaqgörən siyasətçi və ağıllı dövlət xadimi olduğunu təsdiq edib. Ulu öndər Heydər Əliyevin siyasi kursu dövlət müstəqilliyimizin qorunub saxlanılması və möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi, habelə sosial-iqtisadi tərəqqinin əldə olunması kimi taleyüklü məsələlərdə uğurla sınaqdan çıxıb. Tarixi, adət-ənənələri, milli fəlsəfi məfkurəni, təcrübəni və zəngin mədəniyyətimizin bütün çalarlarını özündə ehtiva edən azərbaycançılıq ideologiyasının müəllifi ümummilli lider Heydər Əliyevdir. Azərbaycançılıq ideologiyası təkcə bu dövlətin ərazisində yaşayan şəxsləri yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrildi. Milli ruhun yüksəlməsi, milli özünüdərkin inkişafı və xalqın tarixi yaddaşının özünə qaytarılması kimi fundamental prinsip və vəzifələrə xidmət edən azərbaycançılıq məfkurəsi dövlətin qüdrətinin artırılmasında real siyasi amilə çevrilib. İşlək siyasi sistemin, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu prosesinin, siyasi mədəniyyətin əsasının qoyulması, milli həmrəylik və xalqın bütövlüyünü təmin edən ideologiyanın yaradılması, habelə bir çox digər təşəbbüslər dövlətçilik ənənələrin inkişafına xidmət edən ulu öndər Heydər Əliyevin bilavasitə xidmətidir. 
Bu gün Prezident İlham Əliyevin gördüyü işlər Azərbaycanın güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, müstəqil siyasi iradə nümayiş etdirən ölkə kimi tanınmasını şərtləndirib. Həyata keçirilən uğurlu siyasət Azərbaycanı yalnız regionda deyil, həmçinin beynəlxalq miqyasda da söz sahibi olan bir ölkə kimi tanıtdırıb. İkinci Qarabağ – Vətən müharibəsində qazanılan möhtəşəm Qələbə bu uğurların məntiqi nəticəsidir. Ulu Öndərin siyasi hakimiyyətə qayıdışı Qarabağa Böyük Qayıdışın əsasını qoydu. Azərbaycan Prezidentinin 2022-ci il 29 sentyabr tarixli sərəncamına əsasən Azərbaycan xalqı 2023-cü ili – “Heydər Əliyev İli”ni doğma Qarabağımızın yenidən çiçəklənməsi və Böyük Qayıdışla qeyd edir. Ulu öndər Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycana, onun inkişafına, tərəqqisinə həsr edib. Bu baxımdan, dövlətimizin başçısının sözügedən Sərəncamı xalqımız tərəfindən çox yüksək dəyərləndirilir. 
İllər bir-birini əvəz etdikcə Ümummilli Liderimizin şərəfli ömür yolu xalqına, böyük Türk dünyasına və bəşəriyyətə nə qədər yaxın və dəyərli olduğu daha aydın görünür. Ulu Öndər xalqı üçün yaşadı, yaratdı, bütün ömrünü özünün də dediyi kimi, xalqına həsr etdi. Heydər Əliyev yaşadığı dövrdə bəşəriyyətin nurlu, cəsarətli və yaradıcı dövlət xadimi kimi yaddaşlarda iz qoyub. O, tarixdə Azərbaycan xalqının Ümummilli Lideri, dünya miqyaslı ictimai-siyasi xadim, böyük mütəfəkkir, müstəqil Azərbaycan dövlətinin qurucusu, dövlətin inkişaf strategiyasının əsasını qoyan, azərbaycançılıq ideologiyasını yaşadan, Azərbaycan xalqının iradəsini ifadə edən siyasi lider kimi qalacaq. Onun məqsədyönlü fəaliyyəti nəticəsində müstəqil Azərbaycan dövləti azadlıq qazanaraq, qısa müddətdə dünya dövlətləri sırasında öz layiqli yerini tutdu. İnkişaf etmiş dövlətlərlə iqtisadi və siyasi əlaqələr quruldu. Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısındakı ən böyük xidməti müəyyənləşdirdiyi strateji inkişaf kursunun ardıcıllığını təmin etməsidir.