İranı qayğılandıran məsələlər çoxdur

Qriqoryandan sonra Xələfov Tehrana gedib

İranda səfərdə olan Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan Prezident İbrahim Rəisi ilə görüşüb.
Bu barədə Qriqoryan sosial şəbəkə hesabında yazıb.
  
“Görüş zamanı regional təhlükəsizlik vəziyyəti müzakirə edilib və vurğulanıb ki, sərhədlərin toxunulmazlığı prinsipinə riayət edilməli, münaqişələr dialoq yolu ilə həll edilməlidir.
 
 Ermənistan-İran ikitərəfli münasibətlərinə toxunaraq, bu əlaqələrin çoxsahəli inkişafının davamlılığı təsdiqlənib”, - məlumatda bildirilib.
  
Bu səfərin ardınca Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Xələf Xələfov dünən Tehrana səfərə gedib. O, İran İslam Respublikasının yüksək vəzifəli nümayəndələri ilə görüşlər keçirəcək, ikitərəfli münasibətləri və regiondakı vəziyyəti müzakirə edəcək.
  
Xələfovun İrana səfəri Ermənisanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın Tehrana səfərindən sonra baş tutur.  Rəsmilərin ard-arda İrana olan səfərləri ictimaiyyətdə böyük maraq doğurur.

  İrana səfərləri “Sherg.az”a şərh edən Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli vurğulayıb ki, bu görüşlərin bir neçə müzakirə mövzusu var:

 “Əsas müzakirə mövzusu Azərbaycanın suverenliyini tam bərpa etməsindən sonra regiondakı vəziyyətin taleyidir. İranın bu proseslərdə aktiv iştirak etməkdə öz məqsədləri mövcuddur. Tehran regionda olan prosesləri artıq milli təhlükəsizlik qayğıları çərçivəsindən çıxarmalıdır. Ermənistan hazırda bir tərəddüd qarşısındadır. Onların hazırda Rusiya ilə münasibətlərindəki gərginlik günü-gündən artmaqdadır. Ermənistan regiondakı digər iki dövlət Azərbaycan və Türkiyə ilə münasibətləri düzəltməyə çalışır. Çünki Ermənistan Baş naziri Nikol Paşinyanın iqtisadiyyat və kommunukasiya siyasətinin əsasında bölgə ölkələri ilə əlaqələrin qurulması dayanır”.