Ermənilərin iddiaları heç bir nəticə verməyəcək

Tofiq Zülfüqarov: “Ermənilərin Qarabağı könüllü tərk etməsi dünyanın gözü önündə baş verib”

  ABŞ Dövlət Departamenti Qarabağdan ermənilərin çıxmasını “etnik təmizləmə” adlandırmaqdan imtina edib.
Bu barədə Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.
O bildirib ki, ABŞ "etnik təmizləmə", "soyqırım" və digər vəhşiliklərlə bağlı iddiaları ciddi qəbul edir: “Vəziyyətlə bağlı yerlərdə əlaqə saxlayırıq. Biz vəhşilik iddialarına cavab vermək üçün müvafiq tədbirlər görməkdən və bunun baş verdiyinə dair sübutlarımız olduqda günahkarları məsuliyyətə cəlb etməkdən çəkinməyəcəyik. Amma həmişə olduğu kimi, soyqırım və ya etnik təmizləmə qərarı düşünülmüş, sübuta əsaslanan prosesdir. Mən hazırda bu barədə qətiliklə danışa bilmərəm”.
  
Metyu Millerin fikirlərini “Sherg.az”a şərh edən sabiq xarici işlər naziri Tofiq Zülfüqarov  baş verənlərin  Ermənistanın növbəti siyasi təxribatı olduğunu bildirib. 

  “Ermənistan öz istəkləri ilə Qarabağı tərk edən erməniləri  etnik təmizlə kimi göstərməyə cəhd edirlər.  Baş nazir Nikol Paşinyan da öz çıxışında bunu bəyan edib. Əlbəttə, bunlar Azərbaycana atılan böhtandır.  Burada məntiqli ziddiyyət var. Bu ondan ibarətdir ki, onların  oradan çıxması bütün dünyanın gözləri önündə baş verib. ABŞ missiyasının verdiyi bəyanat da bunun sübutudur. Ermənistan öz istəyi ilə Qarabağı tərk etmələrini etnik təmizləmə kimi qələmə verirsə, bəs o zaman onların 90-cı illərdə etdikləri nə idi? Ermənistan tərəfi illərdir bu suala cavab verməkdən boyun qaçırıb. Hazırda məsələyə qərəzsiz yanaşan bütün dünya ölkələri orada ərazini tərk edənlərin qovularaq deyil, Azərbaycan bayrağı altında yaşamaq istəmədikləri üçün könüllü şəkildə tərk etdiyini bilir.  Buna görə də ermənilərin iddiaları heç bir nəticə vermir”.