Şərtləri qəbul etməsələr, böyük itkilər verəcəklər  - ŞƏRH

“Ermənistan Kommunist Partiyası cəsarətini toplamalı, qatil Nikol Paşinyanı aradan götürərək müavini Mqer Qriqroyanı müvəqqəti olaraq baş nazir vəzifəsinə gətirməlidir”.

Bunu erməni politoloq Stepan Danielyan deyib.

“Niyə Mqer Qriqoryan? Çünki o, regionda kommunikasiya xətlərinin açılması üçün danışıqlarda iştirak edib (Azərbaycan, Rusiya və Ermənistan Baş nazir müavinlərinin işçi qrupu nəzərdə tutulur). O, İrəvan adına prosesi idarə edib, gedişatdan məlumatlıdır. Kommunist Partiyası anlamalıdır ki, Paşinyanın taleyi nazik ipdən asılıdır. Onun hakimiyyət salınması üçün proses başladılarsa, təhlükəsizlik qüvvələri qoruya bilməyəcək”, – S.Danielyan qeyd edib. 

Stepan Danielyanın açıqlamalarını həm Azərbaycan həm də Ermənistan nöqteyi-nəzərdən “Sherg.az”a şərh edən politoloq Natiq Miri bu absurd fikirlərin çarəsizliyin nəticəsi olduğunu vurğulayıb: 

“Azərbaycan artıq öz suverenliyini tam olaraq bərpa edib. Mqer Qriqoryan və yaxud hər hansı digər şəxsin təyinatının  Azərbaycana təsiri olmayacaq. Bu dəyişikliyin Ermənistana müsbət və ya mənfi təsirləri ola bilər. Əgər olası dəyişiklikdə Baş nazir olacaq şəxs Azərbaycanın bütün şərtlərini qəbul edərək əlaqələri normallaşdırarsa, bu, onlara xeyir olar. Əksinə revanşist düşüncəli şəxs təyin olunarsa və o yenidən Azərbaycan Ermənistan arasında gərginliyə çalışarsa, bu da Ermənistanın daha böyük itkilər verməsi ilə nəticələnəcək”. 
 
Politoloq hazırda  Ermənsitanda Baş nazirin kim olmasından asılı olmayaraq atılacaq addımların  məlum olduğunu bildirib:
 
“Ermənistan özlərinə vəziyyəti daha da çətinləşdirməmək üçün Azərbaycan və regiondakı digər dövlətlərlə sülh şəraitində yaşamalıdır. Bu konteksdə üzərinə  götürülən öhdəliklər var ki, yerinə yetirilməlidir. Digər tərəfdən erməni vətəndaşlar Paşinyanı jurnalist, küçədən gələn adam kimi dəyərləndirsələr də, o,  sələflərindən fərqli olaraq Ermənistan tarixindəki yeganə Baş Nazirdir ki, Ermənistanı müstəqil subyekt etmək istəyir. Ermənistan hər zaman Rusiyanın vassalı olub. Paşinyan hazırda çarəsizdir. Bu çarəsizlik Ermənistanın hərbi və maddi gücsüzlüyü ilə bağlıdır. Bu səbəbdən öz talehini bəzi qlobal güclərin təhlükəsizlik sisteminə bağlamaq məcburiyyətindədir. Bu da ölkənin müstəqil subyekt olmasına kölgə salır”.