Bayramov: "Qarabağın erməni sakinlərinin reinteqrasiyası ilə bağlı müvafiq tədbirlər görülür"

"Qarabağın erməni sakinlərinin reinteqrasiyası ilə bağlı Azərbaycan tərəfindən müvafiq tədbirlər görülür".

"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin Şuşada keçiriləcək 27-ci İclasında iştirak məqsədilə Azərbaycanda səfərdə olan Tacikistanın xarici işlər naziri Sirojiddin Muhriddin ilə görüşündə deyib.

Bölgədə mövcud vəziyyət barədə həmkarına məlumat verən C.Bayramov erməni silahlı qüvvələrinin növbəti təxribatlarına cavab olaraq həyata keçirilmiş lokal antiterror tədbirləri və bu tədbirləri şərtləndirən səbəblər barədə söz açıb. Sözügedən tədbirlərin müvafiq beynəlxalq normalara tam riayət olunmaqla keçirildiyi, habelə bu faktın müxtəlif beynəlxalq təşkilatlar tərəfindən təsdiq edildiyi vurğulanıb.

Azərbaycanın yerli erməni sakinlərinin reinteqrasiyası səyləri barədə danışan nazir bu xüsusda Azərbaycan tərəfindən müvafiq tədbirlər görüldüyünü qeyd edib.