Ərdoğan Almaniya kansleri ilə İsrail-Fələstin münaqişəsini müzakirə etdi

Prezident Rəcəb Tayyib Ərdoğan Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə telefon danışığı aparıb.

Trend xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı İsrail-Fələstin münaqişəsi, humanitar böhranların həlli yollarının axtarılması ilə bağlı fikir mübadiləsi aparılıb.

Prezident Ərdoğan Türkiyənin böhranın tez bir zamanda aradan qaldırılması üçün hər cür səy göstərdiyini və vasitəçilik də daxil olmaqla bir çox addımlar atmağa hazır olduğunu bildirib.

Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HƏMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar. Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.