Türkiyə XİN rəhbəri Misirə səfər edəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan oktyabrın 13-ü Misirə səfər edəcək.
Trend-in məlumatına görə, bu barədə diplomatik mənbələrdən bildirilib.
Məlumata əsasən, səfər zamanı nazir Fələstin-İsrail qarşıdurması zonasındakı vəziyyəti və böhranın həlli yollarını müzakirə edəcək.
Xatırladaq ki, 7 oktyabrda səhər saatlarından etibarən Qəzza zolağından İsrailin cənub və mərkəzi bölgələrinə raket zərbələri endirilib. HƏMAS döyüşçüləri yük maşınları və paraplanlarla Qəzza zolağından İsrail ərazisinə daxil olublar. Buna cavab olaraq İsrail ordusu “Dəmir Qılınclar” hərbi əməliyyatına başladığını elan edib və bunun ardınca ölkə rəhbərliyi müharibə vəziyyətini rəsmən bəyan edib.