Şimali Kipr Prezidenti: İnanıram ki, Azərbaycanla olan vəhdətimiz daima davam edəcək

Biz Şimali Kipr Türk Cümhuriyyəti olaraq beynəlxalq ictimaiyyətə inteqrasiya olunmaq üçün əlimizdən gələni edirik.

APA xəbər verir ki, bunu Şimali Kiprin Prezidenti Ersin Tatar ADA universitetində çıxışı zamanı deyib.

O, Şimali Kiprin Şərqi Aralıq dənizində - çox strateji önəmə malik bölgədə yerləşdiyini vurğulayıb.

Ersin Tatar Osmanlı imperiyası dönəmində Kiprdə heç bir qarşıdurma olmadığını, Şimali Kiprin Türkiyəyə Ana vətən kimi baxdığını və bu gün də sıx əlaqəli olduğunu qeyd edib.

“Bizim Ana Vətənimiz Türkiyədir. Çünki vaxtilə Türkiyə bizi Britaniyanın işğalından xilas edib. Türkiyə bu istiqamətdə barışmaz mövqe tutub. Biz Osmanlı ordusu ilə britaniyalılara qarşı mübarizə aparmışıq. Çünki onlar vaxtilə bizim ərazilərimizi ilhaq etməyə çalışıblar. Britaniyanın dəstəyi ilə vaxtilə Kiprin ərazisinə digər yerlərdən əhali köçürülüb və onlar bizə qarşı çıxıblar. Ancaq Türkiyə və Mustafa Kamal Atatürk bizim ərazilərdə baş verənlərdən narahat idi. O bəyanat vermişdi ki, kiprli qardaşlarımız yalnız deyil. Türkiyə regionun ən vacib ölkəsidir. Biz baş vermiş müharibələrdə çox qurbanlar vermişik”, - Ersin Tatar əlavə edib.

Şimali Kipr Prezidenti vurğulayıb ki, onlar da eynilə Azərbaycan kimi mürəkkəb zamanlardan keçiblər: “Buna görə də sizi daha yaxşı başa düşürük.

44 günlük müharibənin ağır günlərdə biz mənəvi cəhətdən ölkənizin və xalqınızın yanında idik. İnanıram ki, bu vəhdətimiz daim davam edəcək. Yaşasın Şimali Kipr, Yaşasın Türkiyə, Yaşasın Azərbaycan!”