"Şimali Kıbrısı müstəqil dövlət olaraq rəsmən tanımalıyıq" - ŞƏRH

Artıq ehtiyatlanmalı hər hansı məsələ qalmayıb

  Azərbaycanda səfərdə olan Şimali Kıbrıs Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ersin Tatar Prezident İlham Əliyevlə görüşüb. Görüşdə Türk dünyası xalqlarının bir-biri ilə tarixi bağlılığına söykənən əlaqələrin genişləndirilməsindən və xalqlarımız arasında humanitar, mədəniyyət, təhsil, idman sahələrində əməkdaşlığın genişləndirilməsi üçün imkanların mövcud olmasından məmnunluq ifadə edilib. Ölkə rəhbəri İlham Əliyev Türk Dövlətləri Təşkilatının (TDT) əməkdaşlığın inkişafı üçün faydalı platforma olduğunu bildirib. Prezident Azərbaycanın Türk dünyasının birliyinə hər zaman töhfə verdiyini və bu ideallara sadiq qalacağını vurğulayıb. Ersin Tatar Bakıda ŞKTR Mədəniyyət və Təqdimat Günlərinin təşkilindən məmnunluğunu ifadə edib və İlham Əliyevə təşəkkürünü bildirib. Turizm, elm, təhsil və tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələlərinin müzakirə edildiyi görüşdə Ersin Tatar İlham Əliyevə hədiyyə təqdim edib. Şimali Kıbrısın Prezidenti Ersin Tatar Azərbaycanda tarixi günlər yaşadığını vurğulayaraq, Şimali Kıbrısın mədəniyyətini, tarixini qardaş ölkədə tanıtmaq üçün gəldiklərini deyib: “Azərbaycan Prezidenti bir daha bizə olan dəstəyini ifadə etdi. “Tək millət, üç dövlət” şüarımızla aramızdakı bütün sahələrdə işbirliklərini genişləndirmənin önəmini vurğuladım. Türk dünyasındakı cəbhəmizi gücləndirmək üçün digər türkdilli dövlətlər də bizə dəstək verməlidir”. O qeyd edib ki, Azərbaycan öz torpaqlarını işğaldan azad edib suverenliyini tam bərpa etməklə haqq-ədaləti təmin etdi: "Biz də haqqımızı almaq üçün bundan sonra mübarizə aparacağıq. Şimali Kıbrısa sanksiyalar tətbiq etməklə bizi diz çökdürməyə, bizləri Türkiyədən qoparmağa çalışırlar. Lakin kıbrıslı türklər buna icazə verməyəcək. Türkiyənin və Azərbaycanın dəstəyi, digər türkdilli dövlətlərin də bizimlə birgə addımlaması ilə Şimali Kıbrıs indiyə qədər qarşılaşdığı haqsızlıqları sonlandıracaq. Siyasi təzyiqlər ucbatından Azərbaycan Şimali Kiprin müstəqilliyini tanıya bilməyib. Biz bunu başa düşürük. Lakin bütün siyasi basqılara baxmayaraq, biz Azərbaycandayıq və Azərbaycanla münasibətlərimiz günü-gündən inkişaf etməkdədir”. Qeyd edək ki, son dönəmlər Türkiyədən sonra rəsmi Bakının da Şimali Kıbrısın müstəqilliyini tanıyacağı müzakirə mövzusudur. Bəzi ekspertlərin fikrincə, Qarabağda separatçılığa son verildiyinə görə artıq Kıbrısın türklər yaşayan bölgəsini də rəsmən dövlət kimi tanımağın zamanıdır.
  Azərbaycan Demokrat Partiyasının sədr müavini Həsrət Rüstəmov "Sherg.az" açıqlamasında Şimali Kıbrısın prezidentinin ölkəmizə səfərini yüksək qiymətləndirdiyini deyib. Analitik vurğulayıb ki, Şimali Kıbrıs məsələsi ilə artıq keçmişdə qalmış “Dağlıq Qarabağ” probleminin heç bir oxşarlığı yox idi:

"Sadəcə, dünyada bizə qarşı olan qeyri-obyektiv münasibəti bildiyimiz üçün bu məsələ bizə qarşı presedent kimi istifadə olunmasın, dövlətimizə lazımsız təzyiqlər olmasın deyə Azərbaycan bu günədək Şimali Kıbrısın müstəqilliyini tanımırdı. Artıq ehtiyyatlanmalı hər hansı məsələ qalmayıb. Biz ən qısa zamanda qardaş ölkə ilə diplomatik əlaqələr yaratmalı və Şimali Kıbrısı müstəqil dövlət olaraq rəsmən tanımalıyıq. Eyni zamanda digər dost ölkələri, türk dövlətləri də analoji addım atmağa təşviq etməliyik. Bu təkcə Şimali Kıbrısda yaşayan qardaş xalqa deyil, regionda Türkiyənin güclənməsinə yaxşı bir dəstək olardı. Bu addımımızın hansısa gözlənilməz nəticəyə səbəb olacağını düşünmürəm. Əksinə, bu addımı atandan sonra bütün müsəlman və türk ölkələrində Azərbaycana rəğbət daha da artacaq".