İrəvan sülh müqaviləsinə imza atacaq? - RƏY

Formatın heç bir fərqi yoxdur

İrəvan sülh danışıqlarında fəal və ardıcıl olmalı, nəhayət, sülh müqaviləsinə imza atmalıdır

  "Rusiya Bakı ilə İrəvan arasında danışıqların bərpasına yardım etməyə hazırdır". Bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib. O vurğulayıb ki, hazırda sülhlə bağlı heç bir problem yoxdur və prosesi irəli götürmək mümkündür. Çünki Qarabağ hadisələrindən sonra sülh müqaviləsinin bağlanmasına mane ola biləcək hər hansı problem qalmayıb: "Sərhədlə bağlı, məncə, sırf texniki xarakterli məsələlər var: demarkasiya, delimitasiya. Bunlar texniki məsələlərdir. Orada bir istiqamətə yüz metr, o biri tərəfə bir kilometr – bu, artıq vacib deyil. Hər iki tərəfin xoş niyyəti ilə bütün bunları etmək olar və bir vaxtlar razılaşdığımız kimi, ticarət-iqtisadi əlaqələri, infrastruktur layihələrini inkişaf etdirmək üçün növbəti addımlar atıla bilər”.
Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov "Sherg.az"a deyib ki, Ermənistan və Azərbaycan arasında mübahisə yaradacaq ən önəmli məsələ - Qarabağ məsələsi öz həllini tapıb. Analitik diqqətə çatdırıb ki, Qarabağda separatizmə son qoyulub və bölgə ilə bağlı görüləcək işlər ölkəmizin daxili işidir: 

"Azərbaycan bütün ərazilərində suverenliyini tam bərpa edib. İndi Ermənistan Azərbaycan əleyhinə apardığı qlobal informasiya müharibəsinə son qoymalı, rəsmi Bakıya yönəlik əsassız ittihamlardan, "etnik təmizləmə" uydurmasından əl çəkməlidir. Ən əsası isə İrəvan sülh danışıqlarında fəal və ardıcıl olmalı, nəhayət, sülh müqaviləsinə imza atmalıdır. Hazırda Qərblə Rusiya arasında Azərbaycan-Ermənistan sülh danışıqları ilə bağlı yarış var. Məsələ ondadır ki, üçüncü tərəflərin iştirakı sülh danışıqlarına maneələr yaradır, irəliləyişə imkan vermir. Ancaq formatın heç bir fərqi yoxdur, əsas odur ki, nəticələr olsun və məqsədlərə çatılsın".
  Z.Məmmədov vurğulayıb ki, ümumən müzakirə olunan məsələlər hamıya bəllidir: "Sadəcə bəyan olunur ki, regional ölkələrin prosesə müəyyən töhfələri də ola bilər. Amma göründüyü kimi Ermənistan baş naziri Rusiyanın vasitəçiliyi ilə keçirilən görüşlərə isti yanaşmırdı. O baxımdan Rusiyanın təşkil etdiyi görüşlərdə adətən imitasiya xarakterli iştirak edirdi. Hazırda isə İrəvan hökuməti Rusiyaya qarşı aqressiyasını açıq formada göstərməkdədir. İstənilən halda sülh prosesinin uzanması, müqavilənin imzalanması Ermənistanın ziyanınadır".