Saakaşvilidən ÇAĞIRIŞ: Azərbaycanla dərhal sülh müqaviləsi imzalayın!

“Keçmiş prezidentin tövsiyələri məntiqlidir, o, Rusiya faktoruna görə tələb edir ki, imkan var ikən üzərinə düşəni etsin”

  Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Ermənistanın Baş naziri Nikol Paşinyana açıq məktubla müraciət edib. Saakaşvili bildirib ki, regionun və Ermənistanın taleyi onu çox narahat edir. Sabiq rəhbər Paşinyanın vaxtının çox az olduğunu deyib: "Hakimiyyətə gələndən sonra siz fundamental islahatlar apara bilmədiniz və ya həyata keçirmədiniz, ona görə də indiki dövlət aparatınız həqiqətən də Kremlin beşinci kolonudur. Avropaya inteqrasiya üçün gecikmisiniz!". Saakaşvili vurğulayıb ki, Ermənistan ətrafında baş verən son hadisələr regionumuza yeni imkanlar verir: "Rusiya hərbi bazasının dərhal çıxarılmasını tələb edin, MDB, KTMT, Gömrük İttifaqını tərk edin və Avropa İttifaqı və NATO-ya ərizə verin. Və nəhayət, siz Azərbaycanla açıq şəkildə bəyan edib dərhal sülh müqaviləsi imzalamalı və bununla da Ermənistanın daxili və xarici siyasətində köklü dəyişikliklərə yol açmalısınız. Hamımızın üzləşdiyi təhlükə çox realdır və dərhal hərəkətə keçməyi tələb edir. Ümid edirəm ki, bu dəfə tərəddüd etməyəcəksiniz”.
  Politoloq Turab Rzayev "Sherg.az"a açıqlamasında bildirib ki, Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili Cənubi Qafqazın üzləşə biləcəyi durumdan bərk narahatdır. Ekspertə görə, Saakaşvili düşünür ki, bölgədə mövqeləri zəifləmiş Rusiya müəyyən cəhdlərlə regionda nəzarəti ələ ala bilər: 

"Son dönəmlərdə Moskvanın Qarabağ məsələsinə neytral yanaşması nəticəsində Azərbaycanla Rusiya arasında münasibətlər istiləşib. Eyni zamanda Gürcüstanın indiki hökuməti də Rusiya ilə münasibətləri nizama salıb. Gürcüstanla Rusiya arasında aviareyslər açıldı, sərhəd-keçid məntəqələrində nəzarət nisbətən yumşaldıldı. Gürcüstan Rusiyaya üzləşdiyi sanksiyalardan yayınmağa köməklik göstərir. İki ölkə arasında yaxınlaşma açıq-aşkar hiss olunur. Ermənistan Baş naziri Nikol Paşinyanın da Rusiyaya münasibəti, son günlər Moskvaya qarşı atdığı addımlar ortadadır. Ermənistana qarşı Rusiyadan təhlükə görünür. Saakaşvili ehtiyatlanır ki, Kreml Paşinyanı devirməyə nail olarsa, Qafqazda münaqişələr yenidən alovlana bilər. Əslində, Saakaşvilinin erməni baş nazirə tövsiyələri məntiqlidir. O tələb edir ki, imkan var ikən üzərinə düşəni etsin və Rusiyanı ölkədən çıxartsın. Həmçinin Rusiyanın ittifaqlarından çıxsın".
  T.Rzayev vurğulayıb ki, Saakaşvili Paşinyandan birmənalı olaraq Qərblə, Avropa Birliyi və NATO ilə yaxınlaşmağı istəyir:
"Eyni zamanda Rusiyanın Qarabağ məsələsindən istifadə edərək yenidən münaqişə yaratmaması üçün Azərbaycanla sülh müqaviləsinin bağlanmasını tələb edir. Keçmiş prezident Paşinyanın diqqətinə çatdırır ki, sülh imzalanarsa və bölgədə problemlər qalmazsa, Moskvanın da tərəflərə təsir rıçaqları aradan qalxmış olar. Hər şey Paşinyanın üzərinə düşəni edib-etməyəcəyindən və nə qədər sürətli davranacağından asılıdır".