Azərbaycan və Türkiyə ordusu yenə hazırlıq vəziyyətindədir

İki türk dövlətinin birgə təlimləri hər iki dövlətin həm də siyasi-mənəvi baxımdan bir yerdə olduğunu göstərir

  23-25 oktyabr tarixlərində Bakı şəhəri, Naxçıvan Muxtar Respublikası və azad edilmiş ərazilərimiz də daxil olmaqla bir neçə istiqamətdə Azərbaycan və Türkiyənin birgə hərbi təlimləri keçiriləcək. Hərbi təlimlər Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunacaq. Artıq təlimə cəlb edilən qardaş ölkənin Silahlı Qüvvələrinin bir qrup hərbi qulluqçusu və aviasiya vasitələri Bakıya gəlib. Birgə taktiki təlimin müxtəlif epizodlar üzrə fəaliyyətləri də məşq etdirilib. Əsas diqqət döyüş uzlaşmanın təmin edilməsi, idarəetmənin təkmilləşdirilməsi, təcrübə mübadiləsi və şəxsi heyətin peşəkarlığının artırılmasına yönəlib.
  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov "Sherg.az"a açıqlamasında bildirib ki, Azrbaycanla Türkiyə arasında birgə hərbi təlimlərin keçirilməsinin çöx böyük əhəmiyyəti var. Hərbi ekspert vurğulayıb ki, bu cür təlimlər hər şeydən öncə hər iki ölkənin ordusunun hazırlıq səviyyəsinin yüksəlməsinə, öz peşəkarlığını artırmasına kömək edir: 

"Məhz birgə təlimlər vasitəsilə ordunun döyüş hazırlığındakı bütün müsbət və mənfi nüanslar üzə çıxır. Təlimlər imkan verir ki, döyüş hazırlığındakı çatışmazlıqlar aşkar edilsin və onların aradan qaldırılması istiqamətində konkret addımlar atılsın. Azərbaycan və Türkiyə hərbi-texniki təchizatına, habelə peşəkarlığına görə nəinki regionun, dünyanın ən güclü ordularındandır. İki türk dövlətinin birgə təlimləri hər iki dövlətin həm də siyasi-mənəvi baxımdan bir yerdə olduğunu göstərir. Bu baxımdan qardaş Türkiyənin 100 illiyinə həsr edilən təlimləri həm də Türkiyə və Azərbaycanın, bütövlükdə Türk dünyasının dünyaya mesajı hesab etmək olar. Bu mesajın məğzi ondan ibarətdir ki, Azərbaycan və Türkiyə hər zaman olduğu kimi bu gün də bir yerdədir. Onların suverenliyinə, təhlükəsizlyinə təhdid təşkil edən bütün təhlükələrə birlikdə cavab verəcəklər".
  C.Xəlilov bəyan edib ki, dünyada ciddi hərbi qarşıdurmalar, konfliktlər mövcuddur: "İstər Rusiya-Ukrayna müharibəsi, istərsə də Yaxın Şərqdə baş verən proseslər bir daha sübut edir ki, dünyada gücə, qüdrətli orduya daha çox ehtiyac var. Güclü ordusu olmayan dövlətlər öz haqlarını lazımınca müdafiə edə bilmirlər. Beynəlxalq hüquq belə onların pozulan haqlarını təmin etmir. Məhz buna görə güclü orduya malik olmaq ən əsas şərtlərdən biri, bəlkə də birincisidir. Azərbaycan və Türkiyənin müdafiə və təhlükəsizlik məsələlərinə diqqət yetirməsi, güclü ordu formalaşdırmaq istiqamətindəki davamlı addımları məhz bununla bağlıdır".
  Ekspert diqqətə çatdırıb ki, birgə təlimlərin qardaş Türkiyənin 100-cü ildönümünə həsr edilməsinin mənəvi əhəmiyyəti olduqca böyükdür: "Bu, hər şeydən öncə Türk dünyasının, eləcə də Azərbaycanın qardaş Türkiyəyə olan sevgi və ehtiramını əks etdirir. Göstərir ki, Azərbaycan Türkiyə üçün olduqca əlamətdar olan bir gündə, bir tarixdə onunla bir yerdədir, çətin günlərdə olduğu kimi xoş gündə də onunla bir sıradadır. Mən Azərbaycan və Türkiyə hərbçilərinə birgə təlimlərdə uğurlar arzulayır, müvəffəqiyyətlər diləyirəm. Ümid edirəm, antitürk qüvvələr bu təlimlərdən lazımi dərs alacaq, türkün gücünə bir daha şahid olacaqlar".