Beynəlxalq qurumlar eyni mərkəzdən idarə olunur - Qələbəmiz həzm olunmur!

“Heç nəyə məhəl qoymadan öz uğurlu siyasətimizi davam etdirməliyik”

  Azərbaycanın beynəlxalq aləmdə nüfuzu artdıqca anti-Azərbaycan qüvvələrin, eləcə də bir sıra qərəzli beynəlxalq təşkilatların və erməni lobbisinin təsiri altında olan Fransa kimi riyakar dövlətlərin yuxusu ərşə çəkilir. Xüsusilə Ermənistan üzərindəki parlaq Qələbəmizdən sonra ölkəmizə qarşı təzyiqlər çoxalıb. Lakin Azərbaycan beynəlxalq hüququn normalarına riayət etməklə müstəqil xarici siyasət yürüdür, başqa dövlətlərin daxili işlərinə qarışmır. Ona görə də Avropa Parlamenti, AŞ PA kimi beynəlxalq qurumların ölkəmizin əleyhinə qəbul etdikləri qətnamələr öz hüdudlarından kənara çıxmayacaq. Çünki həmin beynəlxalq qurumların riyakarlığı hər kəsə bəllidir. Avropa Parlamentinin qərəzli və böhtan dolu qətnaməsindən sonra AŞ PA-nın da oxşar qətnamə qəbul etməsi həmin qurumun riyakarlığından xəbər verir. Hər iki qurumun eyni mərkəzdən idarə olunduğu özünü açıq şəkildə büruzə verir. Fransa kimi ermənipərəst dövlətlərlə yanaşı, AŞ PA-da Cənubi Qafqazda yaranan və dünya ictimaiyyətini heyrətləndirən yeni reallıqlardan, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsindən ciddi təşviş keçirir. Ancaq dərk etmirlər ki, bu cür təşəbbüslər Avropa qitəsində demokratik dəyərlərin, haqq-ədalətin iflasa uğramasının göstəricisi olmaqla yanaşı, Ermənistanı Azərbaycana qarşı növbəti hərbi təcavüzə və revanşizmə də təhrik edir.
  Millət vəkili Ceyhun Məmmədov "Sherg.az"a açıqlamasında təəssüflə qeyd edib ki, ikili standartlarla yanaşma, ədalətsizlik Qərb təşkilatlarının və bəzi beynəlxalq strukturların həyat tərzinə çevrilib. Deputat diqqətə çatdırıb ki, Qərb qurumlarının qeyri-obyektiv mövqeyini uzun zamandır görməkdəyik: 

"İndiki dönəmdə, bütün reallıqlar aşkar ortada ikən Azərbaycana qarşı münasibət sərgiləmək, əsassız ittihamlar səsləndirmək qlobal təşkilatların ədalətdən və mənəviyyatdan nə qədər uzaq olmasının əyani sübutudur. Şübhəsiz, burada xristian təəssübkeşliyi amili, islamafob və türkəfob məqamlar da özünü açıq şəkildə göstərir. 30 ildir bu ədalətsizlikdən əziyyət çəkirdik. Düşünürdük ki, Azərbaycan öz gücünə BMT-nin 4 qətnaməsini həyata keçirəndən sonra bizə qarşı ədalətsiz yanaşmalara nəhayət son qoyular. Amma təəssüf ki, bunun əksini görürük. Halbuki torpaqlarımız işğal altında olduğu müddətdə təcavüzkar Ermənistana qarşı heç bir addım atılmır, təzyiq göstərilmir, qətnamə qəbul edilmirdi. İndi həmin qurumlar xüsusi canfəşanlıq nümayiş etdirir, əsassız məsələləri beynəlxalq müzakirəyə çıxarırlar. Deməli, proses hədəfli və məqsədlidir. Belə qurumlardan hansısa ədalət gözləmək yersiz və əbəsdir. O baxımdan heç nəyə məhəl qoymadan öz uğurlu siyasətimizi davam etdirməliyik".