Erməni rəhbərliyi xalqı qorxudaraq idarəetmə yaradır  - Yeganə Hacıyeva

Rəsmi Bakı hələ ki, sülh müqaviləsi üzrə Ermənistan tərəfinin təkliflərinə cavab verməyib.
Bu sözləri erməni mediasına açıqlamasında Ermənistan XİN başçısının müavini Paruyr Ovannisyan deyib.
O bildirib ki, sülh sazişi ilə bağlı son təkliflərinə hələlik cavab almayıblar.

Ovannisyan Azərbaycanın Ermənistanın ərazi bütövlüyünü tanımaması ilə əlaqədar müharibə təhlükəsinin mümkün olub-olmadığına bu cür cavab verib:

“Bəli, təbii ki, baş nazir də bunu dedi”.

Açıqlamanı “Sherg.az”a şərh edən politoloq Yeganə Hacıyeva söyləyib ki, hazırkı dövrdə Ermənistanın Azərbaycanla sərhəddə istənilən təxribatı sərhəddə yeni hərbi vəziyyətin yaratmasına gətirib çıxara bilər:

"Belə olan halda isə bunun ən böyük cəzasını elə Ermənistan özü çəkə bilər. Məsələ ondadır ki, Ermənistan-Azərbaycan sərhədində təhlükəsizliyinin təmin olunması məqsədilə rəsmi Bakı ciddi addımlar atıb. Amma iki ölkə arasında demarkasiya və delimitasiya məsələlərini yekunlaşmaması  Ermənistan tərəfinin istənilən vaxt öz  ərazilərində addım atır göstərişi ilə Azərbaycan sərhədində təxribatlara əl atmaq, eskalasiya yaratmaq ssenarisini gözardı edə bilmərik. Amma bunun nəticəsi onlar üçün ciddi fəsadlara gətirib çıxara bilər. Hazırda  dünya daha böyük və idarəolunmaz müharibələrlə məşğul olduğu üçün Cənubi Qafqazda  təhlükəsizlik riskləri heç kim üçün faydalı deyil.  Dünyada baş verənlərə genişmiqyaslı baxdıqda isə prosseslər kənar oyunçuların bütün regionlarda gərginlik yaratma cəhdlərinin izləyirik və buna şahid oluruq. Bunun bir izahı da  beynəlxalq siyasi düzəndə mövcud konfiqurasiyanın bitməsi və yenisinin isə formalaşması cəhdləri ilə izah olunur. Diğər tərəfdən mövcud beynəlxalq siyasi nizam da artıq işlək deyil və bütün oyunçuların maraqlarını təmin etmədiyi üçün ciddi mübahisələndirilmə mərhələsindədir. İşlək olmayan bu nizamda cavabdeh mexanizmlərin hərəkətə gətirilməsi istiqamətində beynəlxalq təşkilatların da atmalı olduğu addımlar var.  Amma beynəlxalq təşkilatlar buna gedilmədiyi üçün legitimlikləri ciddi sual altındadır və biz bunun əvəzinə yenilərinin formalaşmasının elementlərini izləməkdəyik".

Xanım analitik əlavə edib ki, bu proseslər beynəlxalq təşkilatlarla paralel olaraq regional və regionlar arası quruluşlarda da gedir:

"Yəni real proseslər var,  onları idarə etməyə çalışan və beynəlxalq, regional əhəmiyyətli mexanizmlər  formalaşdırmağa çalışılır. Bu mərhələdə isə Ermənistandan istifadə edərək Cənubi Qafqazda risklər yaratmağı arzulayan və bunun üçün addımlar atan dairələr, ölkələr var.

Digər tərəfdən erməni rəsmilərin bu istiqamətdə verdikləri mesajlarda  daxildə qorxu elementi formalaşdırmaq üçün olduğunu düşünürəm. Yəni erməni rəhbərliyi cəmiyyətə Azərbaycan bizə hər zaman hücum edə bilər görüntüsü ilə qorxu üzərində idarəetmə yaratmağa çalışır".