3+3 təşəbbüsü çərçivəsində xarici işlər nazirlərinin Tehran görüşü İranın qonşuluq siyasətinin davamı və tamamlanmasıdır. Regionçuluq və çarpaz məqsədli regional mexanizmlər yeni dünya düzəninin xarakterik əlamətləridir.
Bu sözləri İranın Azərbaycandakı səfiri Abbas Musəvi X sosial şəbəkəsində qeyd edib.
“Regiondankənar qüvvələrin Qafqazda olması və müdaxiləsi qadağandır”, - o bildirib.
Paylaşımı “Sherg.az”a dəyərləndirən politoloq Ramiz Alıyev vurğulayıb ki, Ermənistan uzun illərdir İran və Rusiya ilə isti münasibətlər saxlayaraq onlardan istifadə etdi:
"Buna görə də Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını 30 il ərzində öz nəzarətində saxlamağı bacardı. Son üç ildə isə Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi fonunda Ermənistan nə Rusiyanın, nə də İranın ona yardım edə bildiyini gördü. Bu səbəblə də onlardan uzaqlaşaraq Qərbə yönəldi. Bu isə İran və Rusiyanın xoşuna gəlmir. Çünki onlar uzun müddət rəsmi İrəvana dəstək veriblər".
Analitikin sözlərinə görə, hazırda Ermənistan hakimiyyəti regionda maraqları olan və sabitliyi istəməyən Fransa kimi bəzi Qərb ölkələrinin aləti olmağa çalışmaqdadır:
"ABŞ, Fransa kimi ölkələr isə Ermənistanın kiminsə vassalı olmaq siyasətini dəstəkləyir. Ümumiyyətlə Qərb üçün digər dövlətlərin talehi maraqlı deyil. Ukrayna məsələsinə baxsaq, görərik ki, Qərb Kiyevi qızışdıraraq Rusiya ilə müharibə səviyyəsinə gətirdi. Qərbin vədlərinə inanan Ukraynada isə vəziyyət pisdir. Bu yolu gedən Ermənistan da daha böyük zərərlər görəcək. Amma hələ ki, anlamırlar".
R.Alıyev əlavə edib ki, "3+3" formatına ev sahibliyi edən İran Ermənistanı Qərbin cəngindən qurtarmaq istəyir:
"Həmçinin Ermənistanda ABŞ və digər Qərb ölkələrinin fəaliyyəti olması İran üçün təhlükəlidir. Ona görə də Tehran hakimiyyəti Qərbin Ermənistanı ələ alması ilə barışa bilməz. Bu mənada Tehran rejimi həm xoş dillə, həm də təhdidlə Ermənistanı çəkindirməyə çalışır".
Qeyd edək ki, hazırda Ermənistan müdafiə naziri Fransadadır. Onun Fransa müdafiə naziri ilə hərbi əməkdaşlığın genişləndirilməsi və silah satışı ilə bağlı saziş imzalayacağı gözlənilir.
Həmçinin Ermənistan ötən ay ABŞ ilə birgə 9 günlük hərbi təlimlər keçirib.