İsrailin Qəzza zolağında quru əməliyyatı hələ də davam edəcək və gələcək illər ərzində qarşılıqlı zorakılıq maşını işə salınacaq.
Bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.
“İsrail Qəzzada quru əməliyyatını təxirə salmaqda davam edir. Əsasən ABŞ-ın təzyiqi və dünyanın qəzəbindən qorxaraq. Ancaq özünüzü aldatmayın. Əməliyyat baş tutacaq, ən ağır ən qanlı nəticələrlə. Molox həmişə daha çox qurban tələb edir və qarşılıqlı zorakılıq maşını artıq illər ərzində işləyəcək”, - o bildirib.
Medvedyevin açıqlamasını "Sherg.az"a şərh edən siyasi şərhçi Kənan Novruzov söyləyib ki, hələ da Qəzzada quru əməliyyatlarına başlanılmaması diqqətçəkən məqamdır:
"İsrail ordusu quru əməliyyatlarına başlayarsa, bu müharibənin inkişaf istiqamətində daha ciddi mərhələnin başlaması ilə nətilənəcək. İsrailin əməliyyata hələ başlamamasının səbəbi isə ABŞ ilə bağlıdır. Yəni hələlik Amerika əməliyyata start verilməsi ilə bağlı komanda verməyib. Digər tərəfdən İsrailin əməliyyatlara başlaması region üçün ciddi təhlükədir. Hətta bu müharibə iştirakçılarının sayının artması ilə nəticələnə bilər. Məsələn, quru əməliyyatlarının başlanması təqdirində Misir və digər ərəb dövlətləri də müharibəyə qoşula bilər. Həmçinin Rusiya da bu əməliyyatların başlanılmasında maraqlıdır. Çünki ABŞ-nin diqqəti yayınması konteksindən bu Rusiyaya sərf edir. Yəni Kreml düşünür ki, Vaşinqtonun Yaxın Şərqə diqqət yetirməsi onun Şərqi Avropadakı təsir dairəsini zəiflədə bilər. Amma bütün hallarda artıq yer kürəsi Üçüncü dünya müharibəsinin eşiyindədir".