İranla Azərbaycan arasında əməkdaşlıq davam edir və ABŞ-ın İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur.
APA xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani həftəlik mətbuat konfransında ABŞ rəsmisinin İranın Qafqazda dəhliz yaradılmasında iştirakı ilə bağlı şərhinə cavabında deyib.
"ABŞ böyük danışır, ona heç bir aidiyyatı olmayan məsələlərə müdaxilə edirlər. İranla region ölkələri o cümlədən Azərbaycan arasında əməkdaşlıq davam edir və ABŞ-ın İranla qonşu dövlətlər arasında dostluq münasibətlərinə qarışmağa haqqı yoxdur. ABŞ regionun daxili işlərinə qarışmağı dayandırmalı və keçmiş təcrübələrdən öyrənməlidir. Bu cür müdaxilələrin ABŞ-a heç bir faydası olmayacaq", - o deyib.
Kənaninin çıxışına münasibət bildirən "Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları” Mərkəzinin sədri, politoloq Samir Hümbətov "Sherg.az"a söyləyib ki, son vaxtlar İran və Azərbaycan arasında münasibətlərin normallaşması prosesi baş tutub:
"Eyni zamanda uzun müddətli davam edən əlaqələrdə buzların əriməsi gözlənilir. Amma bu bəzi dairələr tərəfindən xoş qarşılanmır. Xüsusilə də, ABŞ və Qərb ölkələrində İran və Azərbaycan münasibətlərində irəliləyişlərin olması heç də məmnunluq ilə qarşılanmır. Amma nəzərə almaq lazımdır ki, hər bir dövlətin xarici siyasət strategiyası var. Azərbaycan da beynəlxalq hüquqdan üzərinə düşən haqları yerinə yetirir. ABŞ-nin qısqanclığı var və Azərbaycanın regionda möhkəmlənməsini istəmir. Digər tərəfdən Amerika Azərbaycanın region ölkələr ilə münasibətlərinin dərinləşməsində də maraqlı deyil. Amma hər vəziyyətdə Azərbaycanın ortaya qoyduğu strategiyası bəllidir".
Politoloq qeyd edib ki, Qərb ölkələri açıq şəkildə İrana qarşı sanksiyalarını davam etdirə bilər:
"Ancaq Azərbaycanın rəsmi Tehrana olan münasibəti fərqlidir. Çünki İran Azərbaycana qonşu ölkədir və orada 40 miilyona yaxın azərbaycanlı yaşayır. Belə fonda ABŞ-nin hansısa münasibət göstərməsinin heç bir hüquqi əsası yoxdur. Azərbaycan və İran aralarındakı münasibətləri yalnız iki ölkənin özü müəyyənləşdirir. Həmçinin, normal əlaqələrin qurulması da onların özlərinə bağlıdır. Bu baxımdan istər ABŞ, istərsə də digər qeyri-region dövlətlərinin bölgəyə təsiri mümkün olmayacaq".