AB-nin qərəzli mövqeyi: Ermənistan təzminat ödəməyə məcburdur

Düşünürük ki, ilk növbədə Qarabağdakı erməni sakinlərin geri qaytarılma hüququnun təmin edilməsi çox vacibdir.
Bunu AB-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar erməni mətbuatına müsahibəsində deyib.
Klaarın sözlərinə görə, həmin sakinlərin geri qayıtmaq istəmələri üçün kifayət qədər təhlükəsizlik hissi yaradan şərait olmalıdır:
“AB perspektivindən çox aydın şəkildə bildirmişik ki, bütün köçkünlər istəsələr, təhlükəsiz şəkildə ilkin yaşayış yerlərinə qayıda bilməlidirlər. Bu mənada biz bu problemi müxtəlif platformalarda qaldırdıq. Hesab edirik ki, bu, həll edilməli olan çox mühüm məsələdir. Amma təbii ki, insanlar istəməsə, heç kəs geri qayıtmağa məcbur edilə bilməz. Ancaq geri qayıtmaq istəyənlər varsa, onların əksəriyyətinin qayıtmaq qərarına gəlməsinə imkan verəcək şəraitin yaradılması üçün hər cür səy göstərilməlidir”.
Toyvo Klaar erməni jurnalistin Qarabağdakı separatçıların Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılması ilə bağlı verdiyi sualı cavablandırmayıb.

Mövzu ilə bağlı “Sherg.az”a danışan tanınmış jurnalist, siyasi şərhçi Fuad Abbasov bildirib ki, Avropalı məmurların qarşısına sual qoymaq lazımdır ki, əgər onlar  Azərbaycandan Ermənistana köç etmiş guya yüz min olan erməninin qayğısına bu qədər qalırlarsa, Ermənistana Azərbaycandan gəlmiş və sayları 300-500  min arasında olan azərbaycanlıların aqibəti haqqında niyə heç maraqlanmırlar?:
“Qərbi Azərbaycanı tərk etmiş azərbaycanlılara olunmuş haqsızlıqları Avropa ictimaiyyətinin diqqətinə çatdırmaq Azərbaycan diplomatiyasının vəzifəsidir. Avropalı məmurlar ermənilərin Azərbaycanı tərk etmələrindən narahat olublarsa, cəmi 30 il əvvəl öz torpaqlarını tərk etmiş azərbaycanlılar üçün niyə narahat deyillər?  Azərbaycana, onun tarixi torpaqlarına vurulan ziyan üçün Ermənistan dövləti təzminat ödəməlidir. Son zamanlar bu məsələ ölkədə əsas gündəm məsələsidir. Bu proseslərin sonunda Ermənistan hakimiyyəti təzminat ödəməyə məcbur qalacaq”.