Böyük Britaniyanın region siyasəti fərqlidir-Şərh

London müharibəyə deyil, sülhlə bağlı danışıqlara, müzakirələrə maraq göstərir


 Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Dokerti Azərbaycanda səfərdədir. Britaniyalı nazir artıq Bakıdadır. Xatırladaq ki, nazir Dokerti regiona səfəri çərçivəsində daha əvvəl Ermənistanda və Gürcüstanda səfərdə olub. Prezident İlham Əliyev Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət naziri Leo Dokertini qəbul edib. Dövlət başçısı Leo Dokertinin Azərbaycana səfərinin ikitərəfli, eləcə də, regional gündəliyin müzakirəsi üçün yaxşı imkan yaratdığını bildirib. Prezident iqtisadi əlaqələrimizin enerji sahəsində əməkdaşlıqdan başladığını, BP şirkəti ilə uzun illər səmərəli və qarşılıqlı etimada əsaslanan işbirliyinin həyata keçirildiyini qeyd edib. Ölkə rəhbəri ölkəmizə qoyulan investisiyaların bizə göstərilən inamı nümayiş etdirdiyini məmnunluqla vurğulayıb. Qeyd edib ki, BP şirkətinin uzun illər bundan əvvəl Azərbaycanda fəaliyyətə başlaması ölkəmizin iqtisadi inkişafında və respublikamızda investisiya layihələrinin həyata keçirilməsində mühüm rol oynayıb. Dövlət başçısı hazırda Azərbaycan-BP əməkdaşlığının bərpaolunan enerji sahəsi ilə bağlı yeni mərhələyə qədəm qoyduğunu deyib və bunun region üçün çox gözəl nümunə olduğunu bildirib. Ölkələrimiz arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd edən Prezident bir daha Leo Dokertinin səfərinin əlaqələrimizin inkişafı ilə bağlı məsələlər barədə fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətinə toxunub. Dövlət başçısı vurğulayıb ki, antiterror tədbirləri nəticəsində Azərbaycan suverenliyini tam şəkildə bərpa edib. Prezident Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəlin olmadığını deyərək ölkəmizin regional sülh gündəliyini dəstəklədiyini, sülh müqaviləsi və iki ölkə arasında münasibətlərin normallaşdırılması üçün Azərbaycanın Ermənistan ilə dialoqa hazır olduğunu vurğulayıb. 
  Qonaq da öz növbəsində ölkəsinin bu prosesə dəstək verməyə hazır olduğunu ifadə edib. Leo Dokerti səfərindən məmnunluğunu ifadə edib, ölkələrimiz arasında əlaqələrin zəngin tarixə malik olmasından qürur hissi duyduğunu vurğulayıb.
  Qonaq Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının regional sülh və sabitliyin təmin olunmasına hər hansı bir töhfə vermək işinə müsbət yanaşdığını deyib, uzun illərdir Azərbaycan ilə çox mühüm siyasi, iqtisadi, ticarət və enerji əlaqələrinin mövcudluğu ilə fəxr etdiklərini bildirib. Dokerti vurğulayıb ki, Azərbaycan yalnız Avropanın mühüm enerji təchizatçısı deyil, həm də Cənubi Qafqazın vacib, məsuliyyətli ölkəsidir və Azərbaycansız Avropada sülh və təhlükəsizlik olmazdı. 
  Xarici işlər naziri Ceyhun Bayramov da Leo Dokertinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş zamanı iki ölkə arasında gündəlikdə duran ikitərəfli və regional əməkdaşlıq, habelə beynəlxalq təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Nazir Ceyhun Bayramov Azərbaycanın Böyük Britaniya ilə çoxşaxəli münasibətlərinə önəm verdiyini vurğulayaraq, iki ölkə arasında siyasi, iqtisadi, enerji, təhlükəsizlik və humanitar sahələrdə mövcud tərəfdaşlığın daha da gücləndirilməsi imkanlarına toxunub və siyasi dialoqun intensivləşdirilməsinin yeni əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi baxımından önəmli olduğunu bildirib. Bununla yanaşı, tərəflər iki ölkə arasında nəqliyyat, təhsil və bərpa olunan enerji sahələrində əməkdaşlıq, habelə Böyük Britaniya şirkətlərinin işğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması istiqamətindəki mümkün fəaliyyəti barədə fikir mübadiləsi aparıb. Nazir, həmçinin həmkarını bölgədə mövcud vəziyyət və reallıqlar, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın Cənubi Qafqaz regionunda dayanıqlı sülhün təsis edilməsi planları barədə məlumatlandırıb. 
  
Siyasi şərhçi İlqar Vəlizadə "Sherg.az"a deyib ki, London regionumuzdakı qlobal əhəmiyyətli layihələrə xüsusi önəm verir. Ekspertin sözlərinə görə, Böyük Britaniyaya məxsus BP şirkəti enerji layihələrinin öncül iştirakçılarındandır:

"Böyük Britaniya Cənubi Qafqazda sabitlik istəyir və bu baxımdan region dövlətləri ilə münasibətlər qurur. London bölgədə yenidən vüsət alacaq müharibələrdə maraqlı deyil. O səbəbdən sülhlə bağlı danışıqlarda, müzakirələrdə iştiraka maraq göstərir. Həm də vurğulamaq lazımdır ki, Böyük Britaniya Avropa İttifaqının üzvü deyil və öz maraqları var. AB birmənalı ermənipərəst mövqedə dayansa da, Böyük Britaniyanın siyasəti fərqlənir".