Noyabrın 27-də Bakı şəhərində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler və Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze arasında üçtərəfli görüş keçirilib.
Görüşdə xalqlarımızın əsrlər boyu mehriban qonşuluq və dostluq şəraitində yaşadığı, bu gün də dövlət və hökumət başçılarımızın rəhbərliyi ilə bu əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi qeyd edilib. Bildirilib ki, qarşılıqlı etimada əsaslanan əməkdaşlıq xalqlarımızın rifahının təmin olunması baxımından böyük önəm kəsb edir.
Üçtərəfli görüşdə regionun təhlükəsizliyinə təhdid törədə biləcək amillərlə mübarizədə səylərin birləşdirilməsinin vacibliyi qeyd olunub. Müdafiə nazirləri üçtərəfli təlim və treninqlərin əhatə dairəsinin genişləndirilməsinin əhəmiyyətini xüsusi vurğulayıblar.
Müdafiə sahəsində üçtərəfli əməkdaşlığın genişlənməsinin sadəcə ölkələrimiz üçün deyil, eləcə də bölgədə sülhün, sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə də öz töhfəsini verəcəyinə əminlik ifadə olunub.
Görüşdə hərbi, hərbi təhsil, hərbi tibb sahələrində əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər aspektlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Sonda media nümayəndələri üçün mətbuat konfransı keçirilib və üçtərəfli görüşün yekununa dair protokol imzalanıb.
Eyni zamanda Azərbaycan və Gürcüstan Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.
Mövzu ilə bağlı "Sherg.az"a danışan Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov bildirib ki, Azərbaycan və Gürcüstan arasında həm təktərəfli, həm də Türkiyənin iştirak etdiyi üçtərəfli formatda müxtəlif əməkdaşlıq modelləri inkişaf etdirilir:
"Əvvəllər də ölkəmizin Gürcüstanla hərbi təlimləri həyata keçrilib. Eyni zamanda Azərbaycan Türkiyə Gürcüstan hərbiçilərinin müxtəlif müzakirələri və üçtərəfli hərbi təlimləri bu illər ərzində davam etdirilib. Azərbaycan əsas məsələlərdən biri olaraq "3+3" platformasını təklif edirdi. Amma Gürcüstanın Rusiya ilə müəyyən siyasi konfliktləri bu formatda onun iştirakını istisna etdi. Ona görə də "3+3" bu gün "3+2" formatında davam edir. Amma Azərbaycan ayrı-ayrılıqda Gürcüstanın da qatıldığı ikitərəfli və üçtərəfli əməkdaşlıq formatlarını inkişaf etdirir. Bu prosesdə çox yaxşı prespektivlər mövcuddur. Bu baxımdan Azərbaycan və Gürcüstan arasındakı hərbi əməkdaşlığın dərinləşməsinin mühüm əhəmiyyəti var. Çünki Azərbaycan Gürcüstan iqtisadi və digər sahələrdə aktiv əməkdaşlıq göstərirlər. İki qonşu ölkənin müxtəlif sahələr üzrə əməkdaşlığı bütövlükdə regional baxımdan çox böyük əhəmiyyətə malikdir. Həmçinin, Gürcüstanın bu hərbi əməkdaşlığa qoşulması gözlənilən idi. Çünki Cənubi Qafqazın iki vacib ölkəsi digər sahələrdə əməkdaşlıq etdiyi kimi hərbi sahədə də bunu icra etməli idi".