ABŞ Türkiyəyə F-16-ların verilməsi üçün şərt kimi Ankaradan Azərbaycana Qarabağın azad edilməsi üçün verdiyi dəstəyi kəsməsini tələb edib.
Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çəlik bildirib.
Bunların hamısı ABŞ-ın ikiüzlülülyünün göstəricisidir. Görünür ki, ABŞ hətta öz müttəfiqləri ilə təzyiq dilində danışır və onları təhdid edir. Eyni zamanda ABŞ çox yaxşı bilir ki, Türkiyə Azərbaycana yalnız siyasi və mənəvi dəstək verib. Azərbaycan öz gücü ilə torpaqlarını işğaldan azad edib. F-16, F-35-lərin Türkiyəyə verilməməsinin əsl səbəbləri bəllidir. ABŞ bunun üçün çoxsaylı bəhanələr ortaya atıb Türkiyəyə təzyiq göstərməyə çalışır. Azərbaycana yardım məsələsi də bu bəhanələrdən biridir.
Məsələ ilə bağlı "Sherg.az"a danışan politoloq Aytən Qurbanova bildirib ki, Türkiyə ilə ABŞ arasındakı “F-35 böhranı” ikinci Qarabağ müharibəsindən çox əvvəl, 2019-cu ildə Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini satın aldıqdan sonra baş verib və bugünə qədər də davam edir:
"Amerika bunu bəhanə edərək təhlükəsizlik tədbirləri adı altında Türkiyənin bu proqramdan çıxarıldığını elan etdi. Beləliklə də, fərqli mərhələlərdə “F-35 böhranı” Türkiyə üzərində təzyiq vasitəsi olaraq istifadə edilən bir “alətə” çevrilərək gündəmə gəlməyə davam edir. Bugün ABŞ və Türkiyənin Cənubi Qafqaz siyasətində maraqlarında ziddiyyətli məqamlar kəskin olduğu üçün biz yenidən eyni “alətdən” istifadə olunduğunun şahidi oluruq. İlkin olaraq onu qeyd etmək lazımdır ki, Türkiyə 44 günlük Vətən müharibəsinə qədər hansı mövqeyi nümayiş etdirmişdisə, savaş dövründə və sonrasında da eyni mövqeyi nümayiş etdirərək ədaləti və ərazi bütövlüyü prinsipini müdafiə etməyə davam edir. Yəni Türkiyənin Azərbaycana verdiyi dəstək beynəlxalq platformalarda verilən ədalətli mövqe nümayiş etdirilərək işğal faktının dünya ictimaiyyətinin diqqətinə çatdırılması və zəfərimizlə ən azı bizim qədər qürur duyulduğunu göstərən bəyanatlarla ifadə olunub. Torpaqlarımızı işğaldan azad edilməsinə görə isə biz Ali Baş Komandanın rəhbərliyində qalib Azərbaycan ordusuna borcluyuq və heç kimin qələbəmizdən dostlarımız üzərində təzyiq vasitəsi olaraq istifadə etməyə haqqı yoxdur. Digər tərəfdən, bugün qardaş Türkiyə ilə qurulmuş müttəfiqlik və strateji tərəfdaşlıq əlaqələrimiz fonunda ABŞ başda olmaqla regionda maraqlı olan qüvvələri “narahat” edən əsas məqamlardan biri işğalçı Ermənistanın dəstəklənməsinin heç bir real nəticəsinin olmamasıdır. Ona görə də, davamlı şəkildə səsləndirilən belə əsassız ittihamlar sadəcə Qərbin heç bir təsir gücü olmayan riyakar üzünün təzahürü olaraq dəyərləndirilə bilər".