Deputat: Bakı-İrəvan razılaşması yeni bir mərhələ yaradır

"Prezident ən kəsə və səmərəli yolun ikitərəfli danışıqlar ola biləcəyini söyləmişdi"
 

"Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşma uzun illərdən bəri gözlənilən sülhün əldə edilməsi üçün tamamilə yeni mərhələ yaradır". 
Bunu millət vəkili, siyasi elmlər doktoru, professor Hikmət Babaoğlu "Sherg.az"a açıqlamasında deyib. 
Deputat bildirib ki, müstəqillik dövründən bəri ilk dəfədir ki, iki ölkə arasında birbaşa dialoq nəticəsində ortaq qərarlar alınır: 
"Bu prosesdə əsas məsələlərdən biri iki azərbaycanlı hərbiçinin azad edilməsidir. Azərbaycanın dövlət siyasətinin əsasında hər zaman vətəndaşlarımızın təhlükəsizliyi və rifahı dayanıb. Hazırki kritik mərhələdə əldə edilən razılaşmaya görə iki əsgərimizin azad edilməsi bir daha dövlətimizin ilk növbədə öz vətəndaşlarının taleyini düşündüyünün göstəricisidir. Özlüyündə bu qərar həm də iki ölkə arasında münasibətlərin mümkün düzəlməsi prosesində humanitar dəyərlərin önə çəkilməsidir. Azərbaycan Prezidenti Vətən müharibəsindən ötən üç il müddətində daima bu dəyərləri irəli sürərək münasibətlərin və mümkün sülhün əldə edilməsi üçün ən kəsə və səmərəli yolun ikitərəfli danışıqlar ola biləcəyini söyləyib. İkitərəfli danışıqlar və əldə olunan nəticə bu çağırışın nə qədər doğru və praqmatik olduğunu göstərdi".