Birbaşa danışıqlar formatı gündəmdədir
“Gözlənilən sülh sazişi sadəcə çərçivə sənədi olacaq. Çərçivə sənədinin daxilində digər məqamların, detalların həlli nəzərdə tutulmur”
Dekabrın 7-də Azərbaycan və Ermənistan rəsmiləri arasında əldə olunmuş razılaşma ətrafında müzakirələr davam etməkdədir. Əksəriyyət ilk dəfə reallaşan vasitəçisiz razılaşmanın ümumi sülh prosesinə müsbət təsir göstərəcəyini, təkanverici addım olacağını düşünürlər. İrəvan hökumətinin qeyri-müəyyən siyasətini nəzərə alanlar isə Ermənistanın hələ sülhdən çox uzaq olduğunu hesab edirlər. Xatırladaq ki, 7 dekabr anlaşmasına əsasən, əsirlərin dəyişdirilməsi və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) ilə bağlı qarşılıqlı güzəştlərin tətbiq edilməsi razılaşdırılıb. Onu da diqqətə çatdıraq ki, İrəvanla yanaşı ABŞ-nin mövqeyində də dəyişiklik müşahidə olunmaqdadır. Vaşinqton yenidən görüş təşəbbüsləri ilə çıxış etməkdədir. Bu da Bakının təklif və prinsiplərinin qəbul edilməsi deməkdir. Çünki Azərbaycana qarşı atdığı addımlarla bölgədəki maraqlarına zərbə vuran ABŞ çətin duruma düşmüşdü. Görünür, Ağ Ev İrəvana təlimat verir ki, prosesə "praqmatik" yanaşsın. Ekspertlərə görə, proseslər belə davam edərsə, gələn ilin ortalarına doğru sülh müqaviləsi bağlana bilər.
Sülh danışıqları ilə bağlı "Sherg.az"ın suallarını cavablandıran keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov diqqəti 7 dekabr razılaşmasının ABŞ dövlət katibinin köməkçisi Ceyms Obraynın Azərbaycana səfərindən sonra əldə olunmasına yönəldib. Sabiq XİN başçısı vurğulayıb ki, Azərbaycan və Ermənistan rəsmiləri arasında əldə olunmuş razılaşma sənədinə lazımi şəkildə qiymət verilməlidir...
- Tofiq müəllim, tərəflər arasında vasitəçisiz razılaşmanın əldə olunmasını, bir sıra qarşılıqlı güzəştləri necə dəyərləndirirsiniz?
- Anlaşma sənədi birgə bəyanat adlandırılır. Daha çox niyyət protokolu kimi bir bəyanatdır. Orada göstərilir ki, tərəflər birbaşa danışıqlarla sülh prosesinə sadiqdirlər və mövcud problemləri siyasi yolla həll etməyə hazırdırlar. Yəni əsas məsələ tərəflərin ümumi sülh prosesinə sadiqliyinin nümayiş olunmasıdır. Ona görə də qarşılıqlı güzəştlərin edilməsinə, əsirlərin dəyişdirilməsinə razılıq veriblər. Mübahisəli məsələlərin isə qarşıdakı dönəmlərdə danışıqlar yolu ilə, müzakirələrlə həlli gözlənilir. Danışıqlarda format məsələsi önəmlidir. Azərbaycan balanslı olmayan Avropa Birliyinin danışıqlar formatından demək olar ki, imtina edib. Yaxud müvvəqqəti AB platformasından uzaqlaşıb. Çünki Avropa Birliyinin Azərbaycan-Ermənistan sülh prosesinə yanaşması özünü Qranadada da açıq şəkildə büruzə verdi. Fransa AB adından Ermənistan Baş naziri Nikol Paşinyanın təklif etdiyi mövqeyi dəstəkləyib. Məhz buna görə cənab Prezidentin reaksiyası sərt oldu. Əgər balanslı mövqe, obyektiv yanaşma yoxdursa, vasitəçilik də qeyri-mümkündür. Nə qədər nüfuzlu dövlət, ya da təşkilat olsa belə, biz bunu qəbul etmirik. Ermənistanın istəkləri bizə diktə oluna bilməz.
- Bəs ABŞ-nin yenidən obyektiv vasitəçiliyi mümkündürmü? Rəsmi Bakı buna razılıq verəcəkmi?
- ABŞ dövlət katibinin köməkçisi Ceysm Obraynın Konqresdə Azərbaycan əleyhinə açıqlamaları, rəsmilərin ittihamları, 907-ci düzəlişin qüvvədə saxlanması faktiki olaraq Vaşinqtonun da obyektiv və balanslaşdırılmış vasitəçilik iddialarını heçə endirdi. Böyük ehtimal, Ceyms Obrayn Bakıda olarkən onun diqqətinə bu məqamlar çatdırılıb. Yəqin Obrayn da deyib ki, Dövlət Departamenti balanslı mövqedədir, amma Senat fərqli mövqedən çıxış edib və s. Yəni hər zamanki bəhanələr səsləndirilib. Amma bizim üçün bunların fərqi yoxdur. Rəsmi Bakı istənilən dövlətin birmənalı mövqeyinin nədən ibarət olduğunu düzgün qiymətləndirməyə qadirdir. Vasitəçilərə etibar olmadığına görə birbaşa danışıqlar formatı gündəmə gətirilib. Yəni vasitəçisiz təmasların intensivləşməsinə qərar verilib. Həm də 7 dekabr razılaşması göstərdi ki, vasitəçisiz, heç kimin müdaxiləsi olmadan anlaşma mümkündür. Fikir verdinizsə, C.Obrayn Konqresdəki çıxışından sonra məcburən bəyan etdi ki, birbaşa danışıqlar ABŞ tərəfindən dəstəklənir. Bu da onu göstərdi ki, Azərbaycan öz mövqeyində qalıb və vasitəçisiz təmaslara üstünlük verib. Düzdür, bu və ya digər paytaxtlarda Ermənistan rəsmiləri ilə görüş mümkündür. Amma görüş məkanı təqdim edən hər hansı ölkənin prosesə müdaxiləsi, tərəflərə təzyiqi yolverilməzdir. Həm də beynəlxalq ictimaiyyətə ismarıc vermişik ki, rəsmi Bakı danışıqların və qarşılıqlı maraqları təmin edən sülh sazişinin əldə olunmasının birmənalı tərəfdarıdır. Əlbəttə, bu, o demək deyil ki, bütün problemli məsələlər həllini tapıb. Qarşıda sülh sazişi ilə bağlı ciddi müzakirələr durur.
- Qərbdən təlimat aldığı deyilən İrəvan hökuməti həqiqətənmi Bakı ilə vasitəçisiz, müdaxiləsiz görüşlərə hazırdır?
- Əvvəlki dönəmlərdə Ermənistanın arxasında Rusiya var idi. Amma indi Moskva İrəvanın qarşısındadır. Ermənistan son dönəmlərdə özünə yeni himayədar axtarışına çıxmışdı. ABŞ-ni, Fransanı özünə arxa-dayaq bilirdi. İrəvan hökuməti çalışırdı ki, hansısa kənar güc onları müdafiə etsin, ermənilərin yerinə danışsın və s. Bir növ Ermənistan yanında "əmi" gəzdirir ki, həmin "əmi" Azərbaycanı hədələsin, təzyiq göstərsin. Ancaq Azərbaycan tərəfi qətiyyətlə vurğuladı ki, Ermənistan birbaşa Azərbaycanla danışıqlar aparmalıdır. Nəzərə alaq ki, eyni aqibəti Paşinyan Moskvada, Avropa İttifaqı da yaşayıb.
- Ermənistanın Təhlükəsizlik Şurasının baş katibi A.Qriqoryan sülh sənədinin 70 faizinin hazır olduğunu deyib. 30 faizin qısa zamanda həlli mümkün olacaqmı?
- Başa düşməliyik ki, Azərbaycan və Ermənistan arasında imzalanması gözlənilən sülh sazişi sadəcə çərçivə sənədi olacaq. Çərçivə sənədinin daxilində digər məqamların, detalların həlli nəzərdə tutulmur. Bu, daha çox deklorasiya formasında olan bir sənəddir. Cənab Prezident də söylədi ki, söhbət 5-7 səhifəlik sənəddən gedir. Ancaq tərəflər arasında sərhədlərin müəyyənləşməsi, kommunikasiyalar məsələsi, humanitar mövzular, təzminat söhbəti, milli azlıqların öz yerlərinə qayıdış və s. görün, nə qədər məsələlər var. Çərçivə sənədində bunlarla bağlı əsas prinsiplər öz əksini tapmalıdır və həmin prinsiplərə uyğun olaraq gələcəkdə müxtəlif istiqamətlərdə danışıqlar davam etməlidir. Sərhədlərlə bağlı artıq komissiyalar var və bir neçə dəfə görüşüblər. Hələ birinci mərhələdəyik. Sərhədlərin delimitasiya və demarkasiyası çox uzun prosesdir. Qonşu Gürcüstanla 30 ildir bu proses gedir və ortada nəticə yoxdur. Kommunikasiyalarla bağlı da müzakirə qabaqdadır. Eyni zamanda təzminat məsələsi və digər humanitar proseslər illərlə çəkə bilər. Tərəflərin bir çox məsələyə baxışı bir-birindən fərqlənir. Dünyada təcrübə var və biz təzə nəsə icad etmirik. O ki qaldı Qriqoryanın sözlərinə, 70 faiz söhbəti siyasi spekulyasiyadır və reallıqdan uzaqdır.