Qərbdən təlimat: Ermənistan üçtərəfli anlaşmadan imtina etmək istəyir?

Paşinyan hakimiyyəti bu məsələ ilə bağlı ABŞ, Avropa Birliyi və Fransadan yeni təlimatlar alıb

“Hətta Rusiya bu prosesdən kənarlaşdırılsa belə, böyük ehtimalla rəsmi Bakı bütün təşəbbüsün ABŞ və Qərbin əlinə keçməsinə imkan verməyəcək”


  Rusiya erməni siyasətçilərin üçtərəfli razılaşmaların effektiv olmamasına dair  iddiaları yalanlayıb. 
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib ki, bölgədəki vəziyyətin nizamlanması üçün Moskva, İrəvan və Bakı arasında üçtərəfli sazişlər toplusu qüvvədə qalır.
Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması prosesini şərh edən diplomat qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin bəyanatlarından ibarət üçtərəfli sazişlər toplusu Bakı və İrəvanın barışması üçün alternativ olmayan “yol xəritəsi”dir . Bu sazişlər qüvvədə qalır, tərəflərdən heç biri imzasını geri götürməyib. Söhbət ən yüksək səviyyədə olan razılaşmalardan gedir. Üstəlik, sonuncuya 2020-ci ildən 2022-ci ilə qədər olan dövrdə müxtəlif vaxtlarda nail olunub: “Müvafiq sazişlər nəqliyyat və iqtisadi əlaqələrin blokunun açılması və Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasına aiddir. Bundan əlavə, tərəflər iki respublika arasında sərhədin delimitasiyası üçün birgə tədbirlər görmək və ekspertlər və ictimaiyyət nümayəndələri arasında dialoqun inkişaf etdirilməsi barədə razılığa gəliblər”.
  Qeyd edək ki, iki gün əvvəl Ermənistanın xüsusi tapşırıqlar üzrə səfiri Edmon Marukyan etiraf etmişdi ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatda qeyd olunan şərtlər artıq etibarlı deyil və işləmir. Erməni səfirə görə, indi regionda vəziyyət 2020-ci ildəkindən çox fərqlidir. Xüsusilə Azərbaycanın mövqeləri möhkəmlənib, üçtərəfli bəyanatın müddəaları köhnəlib.

  Politoloq  Elçin Xalidbəyli isə “Sherg.az”a açıqlamasında deyib ki, Ermənistan rəsmiləri son vaxtlar üçtərəfli anlaşmaların artıq öz hüquqi qüvvəsini itirdiyini daha tez-tez gündəmə gətirməyə başlayıblar. Böyük ehtimalla rəsmi İrəvan bu anlaşmalardan imtina etmək niyyətindədir. İndi hələlik bunun üçün siyasi əsaslar yaratmağa, rəy formalaşdırmağa çalışır. 
  Politoloqun fikrincə, Paşinyan hakimiyyəti bu məsələ ilə bağlı ABŞ, Avropa Birliyi və Fransadan yeni təlimatlar alıb. Çünki Ermənistanın üçtərəfli anlaşmalardan imtina etməsi Qərbin Cənubi Qafqazdakı geopolitik maraqlarına tamamilə cavab verir: 

“Əgər, bu, baş verərsə, ABŞ və Qərbin Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxartmaq planı ilə bağlı önəmli addımlardan biri atılmış olacaq. Ona görə ki, üçtərəfli anlaşmaların hüquqi qüvvəsini itirməsi Rusiyanın regional sülh prosesində vasitəçilik missiyasının sona çatması deməkdir. Kreml üçün bu, Rusiyanın Cənubi Qafqazdakı mövqelərinin daha da zəifləməsi anlamı daşıyır. Hər halda, regional sülh prosesində vasitəçilik missiyası Rusiya üçün önəmli geopolitik təsir mexanizmlərindən biri sayılır. İndi Rusiyanı bu önəmli geopolitik mexanizmdən məhrum etmək istəyirlər.
Təbii ki, Kreml buna bütün mümkün vasitələrlə müqavimət göstərməyə çalışacaq. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi təmsilçisi Mariya Zaxarovanın açıqlaması da bu məqsədə yönəlib. Kreml üçtərəfli anlaşmaların hüquqi qüvvəsini hələ itirmədiyini əsaslandırmağa çalışır. Üstüörtülü şəkildə Ermənistana xəbərdarlıq edir ki, Rusiya vasitəçilik missiyasını ABŞ və Qərbə güzəştə getmək niyyətində deyil. Ancaq regional geopolitik situasiya hazırda Rusiyanın əleyhinədir. Belə davam edərsə, Rusiya regional sülh prosesində oyundankənar vəziyyətə salına bilər. Belə olacağı təqdirdə, Rusiya və Ermənistan arasında daha sərt qarşıdurma da qaçılmaz olacaq. Çünki sülh prosesində vasitəçilik missiyası hazırda regional geopolitik proseslərdə olduqca önəmli faktordur”. 

  E.Xalidbəyli hesab edir ki, hətta Rusiya bu prosesdən kənarlaşdırılsa belə, böyük ehtimalla rəsmi Bakı bütün təşəbbüsün ABŞ və Qərbin əlinə keçməsinə imkan verməyəcək. Politoloq əlavə edib ki, Azərbaycan üçün Cənubi Qafqazda Qərb-Rusiya qarşıdurmasında qüvvələr nisbətinin balanslaşdırılması olduqca vacibdir. Çünki Rusiya kimi, ABŞ və Qərb də "erməni faktoru"na istinad etməyə çalışır:
“Bu isə Azərbaycanın maraqlarına qətiyyən cavab vermir. Ona görə də Rusiyanın sülh prosesindən tamamilə kənarlaşdırılacağı təqdirdə, Azərbaycan daha çox Ermənistanla ikitərəfli formatda müzakirələrə üstünlük verə bilər. Bu halda, Rusiya ilə yanaşı, ABŞ və Qərb də regiondan kənarda saxlanmış olacaq. Nəticədə Cənubi Qafqazın gələcək taleyi dünya nəhənglərinin məkrli oyunlarından qoruna biləcək. Hələlik isə proseslərin necə inkişaf edə biləcəyi bir qədər müəmmalı xarakter daşıyır”.